Azərbaycan Ombudsmanının tapşırığı ilə bir qrup gəncin metroda gediş haqqının qaldırılmasına etiraz olaraq keçirilən aksiya zamanı saxlanılması faktı araşdırılıb. İnsan Hüquqları üzrə Müvəkkil Aparatından çərşənbə günü Trend News-a verilən məlumata görə, Ombudsman Aparatının əməkdaşları Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı və 27-ci polis bölmələrində olub, saxlanılan gənclərin hər biri ilə ayrı-ayrılıqda görüşüblər.
Müəyyən olunub ki, 26-cı bölmədə beş, 27-ci polis bölmədə isə altı nəfər saxlanılıb. Həmin gənclərdən bəziləri polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldıqlarını bildirmişdilər.
Məsələ ilə bağlı Ombudsman Elmira Süleymanova həmin polis bölmələrinin rəisləri, Yasamal RPİ-nin rəhbərliyi və rayonun məhkəməsi ilə əlaqə saxlayıb, gənclərin məsələsinin həbs cəza tədbiri seçilmədən həll edilməsi və onların azad olunması ilə bağlı müraciət edib. Yasamal rayon məhkəməsinin qərarı ilə üç gəncin hər biri 20 manat məbləğində cərimə edilib, digər saxlanılan gənclər isə xəbərdarlıq edilməklə azadlığa buraxılıblar.
Oktyabrın 13-də Müsavat, AXCP və ADP Gənclər Təşkilatlarının sədrləri və bir qrup gənc metroda gediş haqqının qaldırılmasına etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçılarından bir neçəsi Yasamal RPİ-nin 26-cı və 27-ci polis bölmələrində saxlanılıb.