Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Cəlilabad regional mərkəzinin nümayəndəsi ilə birlikdə Cəlilabad, Masallı və Lənkəran rayonları polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına (MST) baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlar saxlanılanlarla görüşərək söhbət aparıb, bu müəssisələrdəki şərait, həmçinin saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olmuş, onlara hüquqlarını izah ediblər.
Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər. Baxış keçirilən MST-lərin müasir standartlara uyğun təmir edildiyi müşahidə olunub. Həmin müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.