Azərbaycanda 60-a yaxın vakant hakim yeri üçün keçirilən imtahandan uğur qazanmış namizədlərin şifahi imtahanı başa çatıb. Hakimlərin Seçki Komitəsindən (HSK)çərşənbə günü Trend News-a verilən məlumata görə, test üsulu və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş 111 nəfər namizədlə 16 beynəlxalq və yerli təşkilatdan olan 30-dək müşahidəçinin iştirakı ilə şifahi imtahan keçirilib.
İmtahan sualları hər gün imtahandan əvvəl həmin auditoriyada hazırlanıb və namizədlər tərəfindən sərbəst cavablandırılıb. Suallar hüquq sahəsinə aid olmaqla namizədlərin bilik səviyyəsinin, öz fikirlərini səlist ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabliyyətinin, ümumi dünyagörüşünin müəyyən olunmasına imkan verib.
İmtahanın nəticələri üzrə 60 və daha çox bal toplamış 80 nəfər namizəd növbəti mərhələyə – tədris kursuna buraxılıblar. Namizədlərlə test imtahanları mayın 7-də keçirilib. İmtahanların gedişi 30-dək beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən müşahidə olunub. Test imtahanında iştirak etmiş 438 namizəddən 213 nəfəri 60 və daha çox bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək imkanı qazanıb. Namizədlərin cavab kartları imtahandan dərhal sonra yoxlanılıb və auditoriyada elan olunub.
HSK tərəfindən hakimliyə namizədlər üçün indiyədək iki müsabiqə keçirilib və 157 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə təyin olunublar.