Türkiyə heç bir vaxt Azərbaycanı təhlükəyə atmaz, bu barədə Trend News-a Türkiyənin ABŞ-dakı səfiri Nəbi Şensoy bildirib. Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılmasına və Sürixdə protokolun imzalanmasına həsr olunan, Vaşinqtonda keçirilən iclasda iştirak edən səfir bildirib ki, Ankara bu addımları heç bir zaman Azərbaycana qarşı deyil, əksinə onun xeyrinə atacaq.
Türkiyə və Ermənistan oktyabrın 10-da İsveçrənin Sürix şəhərində iki ölkə arasında münasibətlərin normalaşdırılmasına dair protokol imzalayacaq. “Biz bu məsələnin Azərbaycan üçün həsasslığını başa düşürük. Biz Azərbaycana vəd vermişik və heç vaxt bizim yaxın mütəffiqimizə qarşı addım atmayacağıq”, – səfir qeyd edib.
Türkiyəli diplomat bildirib ki, Ankaranın məqsədi Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. “Son illərin hadisələri Cənubi Qafqazda mövcud olan dondurulmuş münaqişələrə yeni problemlər əlavə edib. Türkiyə regiondakı vəziyyəti stabilləşdirmək istəyir. Bizim əsas maraqlarımızdan biri qardaş Azərbaycanın maraqlarıdır”, – səfir bildirib.
Türkiyəli diplomat ATƏT-in Minsk Qrupunun prosesi aktivləşdirməsi və Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılmasının eyni dövrdə baş verməsini də vacib hesab edir. “Bu iki proses bir-birilə bağlı olmasa belə, onlar bir-birini tamamlayır. Hər iki problem yaxın müddətdə həll edilməlidir və bu proseslər bir-birinə heç bir mənfi deyil, yalnız müsbət təsir göstərəcək” – Şensoy bildirib.