Azərbaycan Parlamentinin (Milli Məclis) Qanunvericilik və hüquq siyasəti komitəsi “Prokurorluq haqqında” qanuna əlavə və dəyişiklikləri parlamentin iclasında baxılması üçün tövsiyə edib. Trend News-un məlumatına görə, komitənin bazar ertəsi keçirilən iclasında qanunvericilik təşəbbüsü əsasında Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən “Prokurorluq haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.
Layihədə “Prokurorluq haqqında” qanunun 16-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş baş prokuror, hərbi prokuror, Naxçıvan Muxtar Respublikasının prokuroru və hərbi prokurorunun təyinatı ilə bağlı məhdudiyyətin ləğvi ilə bağlı müddəa var.
Hazırda qüvvədə olan qanuna görə, eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz. Yeni layihədə bu məhdudiyyət ərazi və ixtisaslaşmış prokurorlara şamil edilir.
Azərbaycanın hazırkı baş prokuroru Zakir Qaralov bu vəzifədə 2000-ci il aprelin 25-də təsdiqlənib, onun səlahiyyət müddəti gələn il aprelin 25-də başa çatır. Hərbi prokuror Xanlar Vəliyev bu vəzifəyə 2005-ci ilin fevralın 10-da təyin edilib.