Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Yan Mikallef Azərbaycana səfərinin yekunları barədə sentyabrın 21-də Strasburqda Konqres Bürosunun növbəti iclasında ətraflı məruzə təqdim edəcək. Bu barədə Avropa Şurasının rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Mikallefin Bakıya rəsmi səfəri sentyabrın 10-da başlayıb, sentyabrın 14-də isə başa çatıb. Səfəri zamanı o, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ədliyyə nazirinin, xarici işlər nazirinin müavinləri, parlamentin vitse-spikeri, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti, müxalifət partiyaları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib.