Azərbaycanda məhkəmələr bəzi hallarda Konstitusiya Məhkəməsinin qərarlarını icra etmir – sədr

Azərbaycanda məhkəmələr bəzi hallarda Konstitusiya Məhkəməsinin qərarlarını icra etmir, bazar ertəsi Trend News-a Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. “Təəssüflər ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi sonradan baxılan işlərdə kifayət qədər nəzərə alınmır. Belə hallar az da olsa var. Bu da Konstitusiya Məhkəməsinin qərarlarının icra edilməməsi, xoşagəlməz hal kimi qiymətləndirilməlidir”, – deyə Abdullayev vurğulayıb.

KM-nin sədri bu halların konkret hansı məsələlərlə əlaqədar olduğunu söyləməsə də, qeyd edib ki, məhkəmələrin bu səhvi səbəbindən eyni işə Konstitusiya Məhkəməsinin Plenumunda təkrarən baxılıb, ya da bu səbəbdən hansısa işə baxılması prosesi uzanıb.
“Məhkəmə instansiyalarını keçmək elə də asan deyil. Bir iş üzrə proses 1 il, 1 il 6 ay davam edir. Bu isə vətəndaşlara mənəvi cəhətdən problemlər yaradır və bu isə daha ağır problemdir”, – KM-nin sədri deyib.

Abdullayev hesab edir ki, cəmiyyət inkişaf etdikcə, hüquq mədəniyyəti formalaşdıqca bu problemlər də həllini tapacaq. Abdullayev bildirib ki, il ərzində KM-yə orta hesabla 2000 şikayət daxil olur və bu göstərici üzrə ötən illərdə də elə ciddi dəyişiklik müşahidə olunmur.

Konstitusiya Məhkəməsinin qərarları mütləq xarakter daşıyır və çıxarılan qərarların təsviri hissəsindəki hüquqi mövqelər bütün məhkəmələr və qurumlar üçün məcburi xarakter daşıyır. Məhkəmələrin qərarlarında KM-nin qərarlarına hüququn mənbəyi kimi istinad olunmalıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO