Mərkəzi seçki komissiyası aşağı seçki komissiyalarının üzvləri üçün kurslara başlayır

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 7-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında bu ali təhsil ocağı ilə birgə dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirəcəkdir.

MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, kursların keçirilməsindən məqsəd dövlətimizin başçısının həmin Sərəncamına uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qarşısında qaldırılmış vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işini gücləndirmək, dairə seçki komissiyaları (DSK) sədrlərinin peşəkar hazırlığını artırmaqdır.

Kurslar başlanmazdan əvvəl MSK üzvləri və DSK sədrləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Sonra isə seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılışı olacaqdır. Kursların açılış mərasimində MSK sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri Zeynal Nağdəliyev və Şahin Əliyev, Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov və digər rəsmi şəxslər iştirak edəcəklər.

Sentyabrın 12-dək davam edəcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, daxili işlər nazirinin müavini Oruc Zalov, Ədliyyə Nazirliyi və Respublika Baş Prokurorluğunun məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar veriləcəkdir.

Kursların iştirakçısı olan DSK sədrləri üçün mədəni-kütləvi tədbirlərin təşkili də nəzərdə tutulmuşdur. Bu tədbirlər çərçivəsində onlar Heydər Əliyev Fondu və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi ilə tanış olacaqlar. Sentyabrın 23-dən 25-dək isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil olunacaqdır.

Qeyd edək ki, MSK 2007-ci ildə də Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdir. Bu kurslarda aşağı seçki komissiyalarının 31 min üzvü iştirak etmişdi.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO