Azərbaycanın uşaq təşkilatının sədri uşaqların və yeniyetmələrin intihar etməsi ilə bağlı xüsusi tədqiqat aparıb. Azərbaycanda uşaq və yeniyetmələrin intihar cəhdlərinin əsasən qorxu, qəzəb, özünü, yaxud ətrafdakıları cəzalandırmaq hissindən yarandığı müəyyənləşib.
“Tədqiqat nəticəsində müxtəlif yaşda olan uşaqların müxtəlif səbəblərdən özünəqəsd etdiyi müəyyənləşib. Kiçik yaşlarında intihar cəhdləri qorxu, qəzəb, özünü, yaxud ətrafdakıları cəzalandırmaq hissindən yarana bilər. Bir çox hallarda dərs buraxdığı üçün, müəllimi, valideyni ilə konflikti olan uşaqlar da intihara əl atırlar”, – cümə axşamı Trend News-a Respublika Uşaq Təşkialtının sədri, deputat Gülər Əhmədova bildirib.
Azərbaycanda 2009-cu ilin avqust ayında 5 uşaq intihar edib. İntiharlardan biri Bakının Əzizbəyov rayonunda, ikisi Şəmkir rayonunda baş verib. Lənkəran və Kürdəmir rayonlarında isə 11 və 12 yaşlı oğanlar özlərini asıblar. 2008-ci ildə Azərbaycanda 20 uşağın intihar etdiyi rəsmən qeydə alınmışdı. Onların 10-u oğlan, qalanı isə qızlar idi.
Əhmədovanın sözlərinə görə, ayaşlı uşaqlar adətən çox hissiyatlı, təsir altına düşən, öz davranışlarına tənqidi yanaşa bilməyən, impulsiv, hər bir hadisəni rəngarəng qəbul edən, həyəcanlı fərdlərdir. Tədqiqat zamanı məlum olub ki, həyəcanlı depressiv vəziyyətlər intihara gedən yolun başlanğıcıdır. “Qüssə, uşaqlara xas olmayan gücsüzlük (ətalət), yuxunun və iştahın olmaması, çəkinin azalması, dərslərdə müvəffəqiyyət faizinin aşağı olması, özünəinamın azalması, qapalılıq, narahatlıq, aqressiya bu cür depressiyanın əlamətləridir”, – deputat vurğulayıb.
Onun fikrincə, yeniyetməlik dövründə olan uşaqlarda isə digər məqamlar daha xarakterikdir. “Yeniyetmələr arasında intihar cəhdləri azyaşlılara nisbətən daha çoxdur və belə cəhdlərin yalnız bir faizi ölümlə nəticələnir. İntihara cəhd yeniyetməlik dövründə daha çox nümayişkaranə baş verir və daha çox şantaj xarakterli olur”, – Respublika Uşaq Təşkilatının rəhbəri qeyd edib.
Araşdırma zamanı məlum olub ki, yeniyetmələrin intihara cəhdləri də azyaşlılarda olduğu kimi depressiya ilə bağlı ola bilir. “Belə ki, azyaşlılara xas depressiv xüsusiyyətlərə darıxmaq, yorğunluq, xırda şeylərə diqqət ayırmaq, üsyankarlıq, sözə qulaq asmamaq, alkoqol və narkotiklərdən istifadə halları da əlavə olunur. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, yeniyetmələrin intihara cəhdlərini şərtləndirən əsas hallar valideynlərlə və öz yaşıdları ilə şəxsiyyətlərarası münasibətlərin pozulmasıdır”, – təşkilatın sədri deyib.
Əhmədovanın sözlərinə görə, intihara cəhdi şərtləndirən digər bir amil yeniyetmələr arasında ideala bənzəmək, kumiri təqlidetmə “yeniyetmə submədəniyyətin təsiri” kimi öyrənilə bilər. “Məsələn, sevdiyi müğənninin və aktyorun intihar etdiyini öyrənən gənc fanatlar bu addımı təkrar etməyə maraqlı ola bilərlər. Bu baxımdan tanınmış insanların intihar etməsi, intiharın detalları KİV-də işıqlandırılmamalıdır”, – deputat deyib.
Tədqiqat zamanı müəyyənləşib ki, 14 yaşından sonra intihara meyl qızlar və oğlanlar üçün eyni rəqəmə yaxınlaşır. “Bu yaşda intihar halları daha çox intim-şəxsi münasibətlərlə, bədbəxt sevgi hadisəsi ilə bağlı olur. Azərbaycanda yeniyetmələr arasında keçid dövründə qaçqınlıq, erkən nigahlarla bağlı hallar da səbəb kimi göstərilə bilər”, – Əhmədova vurğulayıb.
Onun sözlərinə görə, yeniyetmələr arasında intihar hadisələrini artıran hallardan biri kimi, valideynlərin intihar cəhdlərini və ya intihardan həyatlarını dəyişməsini də faktor kimi qiymətləndirmək olar. “Ümumiyyətlə, ailənin ölümə, intihara baxışları hər bir yeniyetmə üçün yol xəritəsidir. İnsanın bu dünyaya gəlişi və getməsinin ilahi varlığın iradəsindən asılı olması fikri hər zaman yeniyetmələrə təlqin olunmalıdır”, – Əhmədova qeyd edib.