Azərbaycan həbsxanasında külli miqdarda saxta əskinas satan Bakı sakini cinayətini etiraf edib

Azərbaycan həbsxanasında 100 manatlıq saxta əskinaslar satan Bakı şəhər sakininin məhkəməsi başlayıb. Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə saxta əskinas satmaqda təqsirli bilinən Ramiz Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hacıyev Cinayət Məcəlləsinin külli miqdarda saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma (204.3.2) maddəsi ilə ittiham olunur.

İttihama görə, Azərbaycanda cəzaçəkmə müəssisəsində cəza çəkən şəxsin saxta üsulla hazırlanan 100 manatlıq əskinasları satması aşkar edilib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyinin 12 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Bakı şəhər sakini Ramiz Hacıyev saxta üsulla hazırlanan 995 ədəd 100 manatlıq əskinasları (99.500 saxta manat) 15.000 manata satarkən tutulub.

Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində ifadə verən Hacıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, saxta əskinasları hazırlayaraq satmasını etiraf edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO