Monitorinqinin nəticələri ilə bağlı iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şura tərəfindən maliyyələşdirilmiş layihələrin monitorinqini həyata keçirən Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərləri və işçi heyətlərinin iştirakı ilə monitorinqin nəticələrinə aid toplantı keçirib.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Quliyev layihələr üzrə yerinə yetirilən işlərin və həyata keçirilən tədbirlərin mühüm sosial-ictimai əhəmiyyət daşıdığını vurğulayaraq, bunu dövlətin vətəndaş cəmiyyətinin inkişafına qayğı və diqqətinin təzahürü kimi dəyərləndirib. Layihələrin reallaşdırılması nəticəsində vətəndaş təşəbbüskarlığının artırılması, cəmiyyətin sosial qayğılarının ödənilməsi ilə bərabər QHT-lərin təşkilat olaraq möhkəmlənməsini, onların idarəçilik təcrübəsinin artırılmasının da vacibliyini diqqətə çəkən Şura sədri aparılan monitorinqlərin bir sıra xüsusi məqamlar üçün də nəzərdə tutulduğunu açıqlayıb.

A.Quliyev bildirdi ki, monitorinqin nəticələri layihələr üzrə yerinə yetirilən işlərin real mənzərəsini əks etdirməli və hesabatlarda qüsurların üzə çıxarılması və vaxtında aradan qaldırılması baxımından heç kimə, heç bir təşkilata güzəşt edilməməlidir: “Bu nəticələrə görə gələn il hansısa təşkilatlar daha çox maliyyə dəstəyi alacaq, hansılarsa maliyyə yardımından məhrum ediləcək. Bu nəticələr üzrə biz ölkədə vətəndaş cəmiyyətinin mövcud durumunu qiymətləndirməli, gələcək illər üçün maliyyələşdirmə perspektivlərini müəyyən etməli, təşkilatların, xüsusilə region QHT-lərinin qarşılaşdığı çətinlikləri və problemləri, həmçinin onların təlimə olan ehtiyaclarını dəqiq təsəvvür etməliyik”.

İclasda qeyd edilib ki, 200-dən artıq təşkilatda yerinə yetirilmiş monitorinqlər ölkədə vətəndaş cəmiyyətinin vəziyyətini bilavasitə əks etdirir. Nəzərə çatdırılıb ki, layihələrin maliyyələşdirilməsinin müəyyən sistem halına gətirilməsinə və maliyyələşdirilmədə diferensallaşdırmaya ehtiyac duyulur. Şura sədri A. Quliyev toplantıya yekun vuraraq, sentyabrın 16-da Şura üzvlərinin və layihə yerinə yetirən bütün təşkilatların rəhbərləri ilə monitorinqin I mərhələsinin yekunlarının geniş müzakirə ediləcəyini deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO