“Bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda regionda sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi müzakirə olunmur”. Bu açıqlamanı APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov verib. O hələlik tərəflərin ümumi prinsiplər ətrafında danışıqlar apardığını bildirib:
“Ümumi prinsiplərə dair razılıq əldə olunduqdan sonra danışıqların növbəti mərhələsi başlayacaq. Münaqişə bölgəsində sülhməramlıların yerləşdirilməsi məsələsi əldə edilmiş razılıqların həyata keçirilməsinin bir hissəsidir. Bu, çox geniş bir məsələdir, ona görə bu məsələ növbəti bir mərhələ kimi müzakirə edilə bilər. Münaqişə zonasında sülhməramlıların yerləşdirilməsi ilə bağlı bir çox suallar həllini tapmalıdır. Söhbət sülhməramlı kontingentin tərkibi, sayı, burada təmsil olunacaq ölkələr, dislokasiya olunacaqları yer, onların mandatı və s. gedir. Ona görə də bu gün danışıqlar masasında belə bir məsələ müzakirə olunmur”.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın “Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər” bəyanatına münasibət bildirən E. Poluxov deyib ki, xarici işlər naziri müavininin belə çıxışları danışıqlar prosesinin səmərəli həyata keçirilməsinə heç də müsbət təsir etmir: “Bu, Ermənistanın konstruktiv mövqe tutmadığını sübut edən növbəti bir göstəricisidir”.