Azərbaycan və İran arasında əməkdaşlıq vacibdir və hər iki ölkənin xeyrinədir. Bu sözləri cümə axşamı Trend-ə eksklüziv açıqlamasında İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur deyib.
İ.Rəhimpur bildirib ki, Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhaninin önəmli qarşılıqlı səfərlərindən sonra iki ölkə arasında bir çox məsələlər öz həllini tapıb: “İki ölkə arasında əməkdaşlıq yüksək səviyyədə davam etdirilir. Nazirlər səviyyəsində yaxşı əməkdaşlığa başlamışıq və bu əməkdaşlıq bir çox yeni sahələrdə aparılır”.
Onun sözlərinə görə, regiondakı durum və baş verən bəzi mənfi proseslər Azərbaycan-İran əməkdaşlığını zəruri edir: “Azərbaycan və İran arasında əməkdaşlıq regiondakı problemləri həll edə bilər. Hər iki ölkə mövcud vəziyyətdən öz xeyrinə istifadə etməkdə qərarlıdır”.
XİN rəsmisi deyib ki, Azərbaycan və İran bəzi problemli məsələləri artıq bir kənara qoyub və hər iki ölkə əməkdaşlığın inkişafı üçün imkanlardan istifadə etmək əzmindədir: “Hazırda iki ölkə arasında əməkdaşlıq prosesinin sürəti çox yüksək deyil, lakin proqram və tədbirlə irəliləyirik”.
İ.Rəhimpur bildirib ki, Azərbaycan və İran hazırda bir sıra layihələri həyata keçirir: “Ümid edirik ki, tezliklə bu layihələr öz bəhrəsini verəcək. İran və Azərbaycan arasında əlaqələrin perspektivini yaxşı görürəm”.
Trend.az