Seçki Komissiyası tərəfindən formalaşdırılan İctimai Komitə səkkizinci ildir ki, uğurla fəaliyyət göstərir.
Ədliyyə Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən dövrdə insan hüquqları üzrə qeyri-hökumət təşkilatlarının və tanınmış hüquq müdafiəçilərinin təmsil olunduğu İctimai Komitə tərəfindən müstəqil şəkildə öz seçimləri əsasında maneəsiz müxtəlif cəzaçəkmə müəsissələrinə 310-dan çox başçəkmə həyata keçirilib, bu zaman məhkumların saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirilib, 1500-ə yaxın məhkuma müxtəlif hüquqi yardım göstərilib.
Eyni zamanda, İctimai Komitənin üzvləri nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın işinə cəlb olunurlar. Bu məqsədlə cəzaçəkmə müəssisələrinə 150-dən artıq səfər edilərək məhkumlarla görüşlər keçirilib. Xüsusilə vurğulanmalıdır ki, komissiyanın fəaliyyətində şəffaflıq yüksək səviyyədə təmin olunaraq artıq onun iclaslarına ictimai iştirakçılığın ən geniş formalarından istifadə etməklə məhkumların valideynlərinin və yaxınlarının, hətta zərərçəkmiş şəxslərin dəvət olunması təcrübəsi tətbiq edilir.
İnsan hüquqlarının təminatı və islah işinin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edən Komissiyanın fəaliyyəti çərçivəsində obyektivlik və şəffaflıq prinsipləri əsasında 2000-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələrdə baxılmış həmin işlərdən 95%-i müsbət həll edilib.
İctimai Komitənin işinin səmərəliliyinin artırılması məqsədilə mütəmadi olaraq nazirliyin rəhbərliyi və onu formalaşdıran Seçki Komissiyası ilə görüşlər keçirilərək fəaliyyəti ilə bağlı təhlillər aparılır, qiymətləndirilir və tövsiyələr verilir.
Bu günlərdə növbəti belə tədbir Ədliyyə Nazirliyində keçirilib.
Ədliyyə naziri Fikrət Məmmədov görüşdə son illər dövlət başçısının rəhbərliyi ilə ədliyyə və məhkəmə sahəsində aparılan islahatlardan bəhs edərək həyata keçirilən tədbirlərdə ictimai iştirakçılığın geniş tətbiqi, o cümlədən İctimai Komitənin vasitəsilə vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakını qeyd edib. Nazir Komitənin ədliyyə fəaliyyətində səmərəli ictimai nəzarət mexanizmi kimi mühüm rolunu, qurumun səlahiyyətlərinin, o cümlədən fəaliyyət müddətinin artırılmasını vurğulayaraq, ədliyyənin müxtəlif sahələri üzrə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, müvafiq tövsiyələr verib.
Komitə üzvləri Ədliyyə Nazirliyinin fəaliyyətində aşkarlığa və şəffaflığa xüsusi önəm verilməsini, ictimaiyyət üçün açıqlığını qeyd edərək bu sahədə vətəndaş məmnunluğuna xidmət edən məqsədyönlü islahatların, korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan müasir işlək mexanizmlərin, o cümlədən məhkumların şərti azadlığa buraxılması institutunun uğurlu tətbiqinin şahidi olduqlarını söyləyib, dövlət orqanları və qeyri-hökumət təşkilatları arasında səmərəli əməkdaşlıq modeli olan İctimai Komitənin nümunəvi fəaliyyətini qeyd ediblər. Həmçinin, penitensiar infrastrukturun müasirləşdirilməsini təqdir edib, məhkumların sosial adaptasiyası tədbirlərində, habelə İctimai Komitənin ədliyyənin ayrı-ayrı istiqamətləri üzrə fəaliyyətdə iştiraka hazır olduqlarını vurğulayıblar.
Eyni zamanda, komitə üzvləri bəzən problemlərlə rastlaşdıqlarını qeyd ediblər. Belə ki, Bakı İstintaq təcridxanasına tanınmış həkimlərlə birgə sonuncu başçəkmə zamanı onlar özünü “məzlum” kimi göstərməyə çalışan və səhhəti ətrafında əsassız səs-küy yaratmağa cəhd edən şəxs tərəfindən hörmətsizliyə və təhqirə məruz qaldıqlarını həyəcanla bildiriblər.
Görüşdə qarşılıqlı fəaliyyətə dair geniş müzakirələr aparılıb, İctimai Komitənin işinin daha da canlandırılması, əməkdaşlığın yeni formaları ilə bağlı təkliflər irəli sürülüb.
Sonda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim edib və uğurlu fəaliyyət arzulayıb.
Tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev və nazirliyin aidiyyəti struktur qurumlarının məsul şəxsləri də iştirak ediblər.
“İnsan hüquqları XXI əsr – Azərbaycan” Fondunun prezidenti Şahin Camalov, İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun həmsədri, “Qaynar Xətt” xidmətinin rəhbəri, Ədliyyə naziri yanında İctimai Komitənin üzvüdür.
ANSPRESS