Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 1607 bələdiyyənin hamısı formalaşıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
M.Pənahov deyib ki, artıq 118 dairə seçki komissiyası üzrə 5015 məntəqədən 5015 protokol MSK-ya daxil olub, 1 861 728 bülleten sayılıb.
Onun sözlərinə görə, bütün seçki məntəqələtində bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib.
M.Pənahov deyib ki, seçicilərin fəallığı 39 faizə yaxın olub: “Dünənki seçkilərdə seçicilərin seçki prosesinə ciddi marağı olub. Seçkilərdə 1 milyon 876 min 14 nəfər iştirak edib ki, bu da kifayət qədər yüksək rəqəmdir. Bu, ötən bələdiyyə seçkiləri ilə müqayisədə 6-7 faiz çoxdur”.
MSK sədri bələdiyyə seçkilərində müşahidəçilər və KİV nümayəndələri ilə bağlı xoşagəlməz halların demək olar ki, olmadığını da bildirib.
Qeyd edək ki, dekabrın 23-də bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində 1607 bələdiyyəyə keçirilib.
Trend.az