Mətbuat Şurası bələdiyyə seçkilərinə qiymət verdi

Mətbuat Şurasının (MŞ) “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə 23 dekabr bələdiyyə seçkisini işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərindən hər hansı müraciət daxil olmayıb. Bu barədə Trend Şuranın mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata görə, Şuranın müxtəlif seçki məntəqələrində prosesi izləyən monitorinq qrupunun üzvləri də media təmsilçilərinin peşə fəaliyyətini yerinə yetirmələrinə dair hər hansı maneçilik faktı qeydə almayıblar. MŞ İdarə Heyətinin üzvlərinin müşahidələrinə əsasən, yerli və xarici KİV-lərin əməkdaşlarının seçki prosesini işıqlandırmalarına hər cür şərait yaradılıb.

MŞ sədri Əflatun Amaşov Nəsimi və Nərimanov, qurumun sədr müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Binəqədi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı, Şuranın İdarə Heyətinin üzvlərindən – Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Xətai, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqələrində jurnalistlərin prosesi işıqlandırmaları vəziyyəti ilə tanış olublar.

Qeyd edək ki, Mətbuat Şurasının “qaynar xətt” rejimində (012) 441 35 96 telefon, (055) 201 99 26 və (050) 534 93 26 mobil nömrələri bu gün saat 08:00-dan 19:00-dək fəaliyyət göstərib. Məqsəd səsvermənin gedişində peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələrinin təminatından, hər hansı çətinliklərin olacağı təqdirdə operativ tədbilərin görülməsini həyata keçirməkdən ibarət olub.

Onu da qeyd edək ki, MŞ prosesi işıqlandıran KİV nümayəndələrinin mümkün müraciətlərini bundan sonra da diqqət mərkəzində saxlayacaq.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO