Azərbaycanda əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerlərinin ayrılması ilə əlaqədar qanunvericilikdə təkmilləşdirmələr aparılacaq.
Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerlərinin ayrılması ilə əlaqədar qanunvericilikdə təkmilləşdirmələr aparılacaq.
Nazirin sözlərinə görə, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun layihəsində də əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi üçün konkret istiqamətlər əksini tapıb. Hazırda ictimai müzakirədə olan bu layihədə əlilliyi olan şəxslərin əməyindən istifadə üçün müəssisələrin, sexlərin və sahələrin yaradılması əksini tapır. Bu layihə əlilliyi olan şəxslərin hərtərəfli dəstəklənməsi məqsədlərini dolğun şəkildə əks etdirir və layihəyə BMT-nin Əlillərin hüquqları üzrə Komitəsi tərəfindən də müsbət rəy verilib. Layihə ilə yanaşı BMT-nin «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyasının müddəalarının icrası məqsədilə «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»nın layihəsi də hazırlanıb.
Trend.az