Azərbaycanda bələdiyyə seçkiləri baş tutub. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov partiyada dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, YAP seçki prosesində iştirak edib və bütün bələdiyyələr üzrə namizədlərini irəli sürüb.
Ə.Əhmədov bildirib ki, bütövlükdə YAP-dan bələdiyyə seçkilərində 16 760 nəfərin namizədliyi irəli sürülüb: “Onlardan 13 404 nəfərin namizədliyi partiya tərəfindən irəli sürülüb, 3356 nəfər isə namizədliyini fərdi qaydada irəli sürüb”.
O, qeyd edib ki, ümumi namizədlərin təxminən 40 faizi YAP-dan olub: “Bu onu göstərir ki, YAP-ın seçkilərdə fəaliyyəti geniş əhatəli olub”.
Seçki kampaniyası ilə əlaqədar görülən işlər barədə məlumat verən Ə.Əhmədov qeyd edib ki, bütün bələdiyyələrdə YAP-dan olan namizədlərin təşviqat kampaniyası təşkil edilib. Onların seçkilərdə uğur qazanması üçün əsaslar yaradılıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyən 640 min nəfərin YAP-ın üzvü olduğunu deyən icra katibi bildirib ki, partiya böyük insan resurslarına malikdir: “İstinad etdiyimiz bütün resurslar partiyanın uğur qazanması üçün əsas yaradır. Bundan əvvəlki seçkilərdə YAP-ın namizədləri 60 faizdən çox səs toplayıblar. Builki seçkilərdə daha yüksək nəticələr, uğurlar qaznmağımıza imkan və əsaslarımız var”.
Ə.Əhmədov deyib ki, ötən seçkilərdə bələdiyyələrə üzvlər arasında qadınların və gənclərin sayı bir neçə dəfə artdı: “Bələdiyyələrin tərkibində qadınların sayı 29 faizə qədər, gənclərin sayı isə 24 faizə qədər çoxalıb. Bu ildə də gənclər və qadınların sayının artmasına xüsusi diqqət verdik, namizədləri seçərkən bu məqam nəzərə alındı. Budəfəki seçkilərdə daha çox qadınların və gənclərin mandat alacağına inanırıq”.
Baş nazirin müavini bildirib ki, bütövlükdə YAP seçki kampaniyasının gedişini yüksək qiymətləndirir: “Sabitlik və əmin-amanlıq baxımından, Seçki Məcəlləsinin tələblərinə uyğunluq baxımından, qanun pozuntularına yol verilməməsi baxımından budəfəki bələdiyyə seçkilərinə uğurlu hesab etmək olar”.
O, əlavə edib ki, hər hansı ciddi qanun pozuntusunun olması barədə məlumatlar daxil olmayıb: “Hesab edirəm ki, seçkilər uğurla keçib”.
Ə.Əhmədov xatırladıb ki, partiyanın seçki platforması “Rifah və quruculuq naminə” adlanıb. Bütün bələdiyyələrlə qəbul edilmiş vahid forma əsasında plakatlar buraxılıb: “İnanıram ki, bu seçki kampanyasında əldə etdiyimiz uğurlar 5 il əvvəl əldə etdiklərimizdən yüksək olacaq. YAP sevinir ki, yeni bir seçki kampaniyasını uğurla başa çatdırıb”.
Trend.az