Azərbaycanda prezident seçkilərinin gedişini izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının rəhbərliyi bu gün mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, missiyanın qərargah rəhbərinin müavini Oleq Kuleba sentyabrın 15-dən Azərbaycanda olduqlarını, bu müddətdə Lənkəran-Masallı, Quba-Qusar zonasına səfərlər etdiklərini və seçkiyə hazırlıq prosesini öyrəndiklərini deyib. O, müşahidəçilər üçün hər cür şərait yaradıldığını, MSK-nın iclaslarının müşahidəçilərin və KİV nümayəndələrinin iştirakı ilə keçirildiyini, qəbul olunmuş qərarların operativ surətdə ictimaiyyətin diqqətinə çatdırıldığını, seçki komissiyalarının rəhbərləri və üzvləri üçün treninqlər təşkil edildiyini bildirib. Rayonlarda dairə və məntəqə seçki komissiyalarının binaları və iş şəraiti ilə tanış olduqlarını söyləyən O. Kuleba bəyan edib ki, MDB-nin heç bir ölkəsində seçkilərin keçirilməsi üçün bu cür şərait yaradılmayıb. O, prezidentliyə namizədlərin qeydə alınması prosesinin Seçki Məcəlləsinə uyğun aparıldığını qeyd edib: “Bu prosedur siyasi plüralizm, alternativlik və rəqabət prinsiplərinin qorunması şəraitində həyata keçirilib”.
O. Kuleba hazırda qərargahlarında 3 müşahidəçinin çalışdığını, gələn həftədən uzunmüddətli müşahidəçilərin sayının artacağını, Xaçmaz, Naxçıvan, Lənkəran və Gəncədə oktyabrın 9-dan yerli bölmələr açacaqlarını deyib. Seçki günü MDB müşahidəçilərinin sayı 250-300-ə çatacaq, müşahidə missiyasının rəhbəri, MDB-nin icra katibi Sergey Lebedev isə oktyabrın 12-13-də Bakıya gələcək.
Sualları cavablandıran O. Kuleba beynəlxalq müşahidəçilərin seçki kampaniyasında fəallıq olmadığına dair fikrinə münasibət bildirib. Onun sözlərinə görə, sabitlik hökm sürən, dövlətin stabil inkişaf tendensiyasının müşahidə edildiyi ölkələrdə adətən seçkilər sakit, əhalinin rifah səviyyəsi ilə bağlı problemlərin olduğu dövlətlərdə isə sərt keçir.
Missiyanın vəzifələri barədə danışan qonaq MSK, Ali Məhkəmə, Baş Prokurorluq və DİN-ə məktub göndərərək seçki kampaniyası ilə bağlı daxil olan şikayət və müraciətləri istədiklərini açıqlayıb. Yaxın günlərdə həmin qurumların nümayəndələri ilə görüşlər keçiriləcək.
O. Kuleba prezidentliyə namizədlərin qərargahları ilə əlaqə saxladıqlarını, ilk görüşün Qulamhüseyn Əliyevin vəkili ilə keçiriləcəyini söyləyib. O, seçkiləri boykot edən partiyaların liderləri ilə görüşlərin planlaşdırıldığını da əlavə edib.