BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş 20 iyun – Ümumdünya Qaçqınlar Günü ilə bağlı dünya ölkələrinə müraciət edib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:
“İndi dünyada qlobal xarakterli böyük qeyri-müəyyənlik yaşanmaqdadır. Bu qeyri-müəyyənlik, xüsusilə, münaqişələr və təqiblər nəticəsində yurdlarından didərgin düşmüş on milyonlarla qaçqın və məcburi köçkünün taleyində daha qabarıq büruzə verir. Onlar təkcə normal yaşayışlarını və evlərini deyil, həm də öz sevdiklərini, dostlarını, icmalarını və vətənlərini itiriblər”.
Ali Komissar xatırladıb ki, qaçqınların sığınacaq, səhiyyə, təhsil, qidalanma, sanitariya, zorakılıq və sui-istifadədən himayə olunma kimi əsas ehtiyaclarının ödənilməsi sahəsində ciddi boşluqlar mövcuddur: “BMT QAK tərəfindən bu yaxınlarda aparılan sorğu göstərir ki, çoxlu sayda ehtiyaclar qarşılanmamaqdadır. Kamerunda – Cənubi Afrika Respublikasından olan uşaqlar arasında ölüm halları hətta fövqəladə səviyyədən yeddi dəfə artıq qeydə alınır. Məktəb yaşlı qaçqın qızların üçdə iki hissəsindən çoxu məktəbə getmir”.