Amerika Birləşmiş Ştatları, insan alverinə qarşı lazımi tədbirlər cörməyən ölkələrin siyahısını genişləndirib. ANS PRESS, ABŞ Dövlət Departamentinin internet saytına istinadən xəbər verir ki, illik hesabatda 52 ölkə və ərazidən söz açılır. Əgər insan alverinə qarşı mübarizəni gücləndirməsələr, bu ölkələrə, xüsusilə, Afrika, Asiya və Yaxın Şərq dövlətlərinə qarşı ABŞ tərəfindən sanksiyalar tətbiq edilə bilər. Hesabatı təqdim edən ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, insan alveri müasir köləlikdir.
Hesabatda Azərbaycanla bağlı hissə də var. Sənəddə deyilir ki, insan alverçiləri Azərbaycana bir mənbə və tranzit kimi baxırlar: “Azərbaycandan olan qadınlar və uşaqlar Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır”. Hesabatda bildirilir ki, Azərbaycanın daxilində də insan alveri halları mövcuddur. Sənəddə deyilir ki, Naxçıvan Muxtar Respublikası Türkiyəyə qadınların aparılması üçün tranzit rolunu oynayır.
ABŞ Dövlət Departamenti hesab edir ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması üçün minimal standartları yerinə yetirməsə də, bunun üçün səylər göstərir. Hesabatda Azərbaycan üçün tövsiyyələr də yer alıb: “İnsan alverçiləri məhkəməyə cəlb etmək üçün hüquq-icra səyləri artırılmalı, dövlət məmurları da daxil olmaqla bu işdə əli olanlar cəzalandırılmalıdır”.