Ədliyyə Nazirliyi Penitensiar Xidməti (PX) 12 saylı Cəzaçəkmə Müəssisəsində iyunun 11-də məhkumlar tərəfindən kütləvi etiraz aksiyasının keçirməsi haqda mətbuatda verilən məlumatlarla bağlı açıqlama yayıb. PX-nın ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan açıqlamada bildirilib ki, boks üzrə dünya çempionu, məhbus Fariz Məmmədovun iştirakı ilə məhkumların qiyam qaldırması barədə verilən məlumat həqiqətə uyğun deyil.
Məlumatda bildirilib ki, məqalədə adı çəkilən Fariz Məmmədov ümumiyyətlə, 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılmır: “Məhkumlara verilən qidanın keyfiyyətinin yaxşılaşdırılması, onlarla davranışda qəddar, insan ləyaqətini alçaldan rəftara yol verilməməsi üçün xidmət tərəfindən zəruri tədbirlər həyata keçirilir. Ümumiyyətlə 12 saylı Cəzaçəkmə Müəssisəsində heç bir kütləvi məhkum itaətsizliyi baş verməyib, əslində xidmətin bütün müəssisələrində olduğu kimi əvvəlcədən planlaşdırılan rejim xarakterli növbəti axtarış-baxış tədbirləri keçirilib. Bu tədbirlər isə qanunvericiliklə qadağan olunmuş əşyaların aşkar olunub götürülməsi məqsədi ilə həyata keçirilir və profilaktiki xarakter daşıyır”.
Məlumatda o da qeyd olunub ki, mətbuatda dərc olunana “12 saylı türmədə qiyam” sərlövhəli məqalə ilə bağlı aidiyyatı dövlət qurumundan məlumat dəqiqləşdirilməyib: “Bu hal isə məhkumlarda və onların qohumlarında çaşqınlıq yaratmaq məqsədi daşıyır”.