Bu zavodun fəaliyyətə başlaması məni çox sevindirir. Çünki bir daha demək istəyirəm ki, mən burada dövlət siyasətimizin təzahürünü görürəm. O siyasət ki, bu gün Azərbaycanda böyük inkişafa səbəb olmuşdur.
İlham Əliyev, 21 iyul, 2014-cü il, Bakı şəhəri
Bu gün Azərbaycanda ən müasir avadanlıqlarla təchiz olunan müxtəlif təyinatlı müəssisələrin istifadəyə verilməsi ölkəmizin sənaye potensialını getdikcə gücləndirir. Belə müəssisələr arasında “Norm” sement zavodu önəmli yer tutur. Zavodun açılış mərasimində Prezident İlham Əliyevin qeyd etmişdir ki, “belə zavodların işə düşməsi nəticəsində Azərbaycanın rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında yeri daha da yüksək olacaqdır”.
Zavodun istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edir. Bu sənaye müəssisəsi Cənubi Qafqazda ən böyük sement zavodudur. Zavodun əsas texnoloji avadanlıqları Almaniya, Fransa, İsveçrə, Hollandiya və digər Avropa ölkələrinin aparıcı istehsalçıları tərəfindən təchiz edilmişdir.
Zavodda sementin keyfiyyətinə xüsusi diqqət yetirilir. Bu məqsədlə müasir standartlara cavab verən sement və beton laboratoriyaları yaradılmışdır. Bundan əlavə, şirkət Almaniyanın dünya miqyasında tanınan VDZ Elmi Tədqiqat İnstitutu ilə sıx əməkdaşlıq edir və zavodda istehsal olunan bütün məhsullara VDZ tərəfindən Avropa standartlarına uyğunluq sertifikatı verilir. Eyni zamanda, “Norm” şirkəti Avropa Sement Tədqiqatları Akademiyasının (ECRA) həqiqi üzvüdür.
İlin əvvəlindən istehsala başlayan “Norm” sement zavodunun istismara verilməsi ölkədə sement istehsalının əhəmiyyətli dərəcədə artmasına öz təsirini göstərmişdir. Bu ilin yanvar-sentyabr aylarında respublikada 2 mln. 156,2 min ton sement istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,4% artıqdır. Ölkə başçısının qeyd etdiyi kimi, “Norm” sement zavodunun fəaliyyətə başlaması sement istehsalında bütün hədəflərimizə çatmaq üçün bizə imkan yaradır”.
Azərbaycanda sementə olan tələbat 4,5 milyon tondur. “Norm” sement zavodunun istismara verilməsi daxili istehsal həcmini 5 milyondan artıq həddə çatdırır və bu tələbatı tam şəkildə ödəməyə imkan verir. Beləliklə, xaricdən sement və klinker idxalına ehtiyac tamamilə aradan qalxmış olur. Hazırda ölkəmizdə adambaşına təxminən 400-425 kq sement istehlak edilir. Məlum olduğu kimi, sement istehlakı ölkədə adambaşına düşən ÜDM ilə birbaşa əlaqəlidir. Bu göstəricinin ölkəmizdə ildən ilə artdığını, habelə tikinti sektorunun sürətli inkişafını və infrastruktur layihələrinin geniş miqyasda həyata keçirildiyini nəzərə alaraq bu göstəricinin artacağını proqnozlaşdırmaq olar. Nəticə etibarilə, 2020-ci ilədək adambaşına sement istehlakının 700 kiloqramadək yüksələcəyi ehtimal oluna bilər. Bu tələbatı qarşılamaq üçün ölkədə 6-7 milyon ton sementin istehsal edilməsi lazım gələcəkdir. Belə olacağı təqdirdə “Norm” sement zavodu bu tələbatı tez bir zamanda və tam həcmdə ödəmək iqtidarındadır.
Zavoddakı mövcud xammal emalı avadanlıqları hazırda ildə 4 milyon ton xammalın emalına imkan verir. Əlavə istehsal xəttinin inşası ilə bağlı texniki-iqtisadi əsaslandırma isə artıq tamamlanmaq üzrədir. Ölkə başçısının qeyd etdiyi kimi, “Norm” sement zavodunda istehsalı artırmaq üçün imkanlar var”. Zavodun konsepsiyası hazırlanarkən 160 ha ərazidə hər birinin illik istehsal gücü 2 milyon ton olmaqla üç istehsal xəttinin inşası nəzərdə tutulmuşdu. Beləliklə, zavodda istehsalın ümumi həcmini 6 milyon tona çatdırmaq üçün müvafiq infrastruktur artıq yaradılmışdır. O cümlədən, elektrik enerjisi, təbii qaz və su təchizatı 3 istehsal xəttinin istismarına uyğun layihələndirilmişdir.
Zavod əsas xammal olan əhəngdaşı, gil, mergel, əlavə xammal olan hematit, gips, trass, vulkan külü ilə zəngin 500 ha-dan artıq yataqlara malikdir. Bu xammal yataqlarının ehtiyatı zavodun ən azı 50 illik fəaliyyətini təmin edir. Beləliklə, zavodun mineral xammal bazası istehsal həcminin əhəmiyyətli dərəcədə artırılmasına imkan verir.
Ölkənin ən böyük sənaye mərkəzlərindən olan Qaradağ rayonunda yerləşən zavod xammal mənbələrinin bilavasitə yaxınlığında yerləşir. İstehlak bazarına yaxınlıq baxımından da zavod münasib mövqe tutur. Belə ki, ölkə üzrə sement istehlakının 70%-i Bakı və Abşeron yarımadasının payına düşür.
“Norm” sement zavodu iki il ərzində tikilib istismara verilmişdir. Bu müddət ərzində beynəlxalq miqyasda təcrübəsi olan podratçılarla, o cümlədən ÇXR-in tanınmış EPC podratçısı CTIEC, Yaponiyanın Mitsubishi Corporation, sement sənayesində tikinti işlərinə texniki nəzarət üzrə dünya miqyaslı təcrübəyə malik olan A-TEC (Avstriya) şirkəti ilə sıx iş münasibətləri qurulmuşdur. Sement sənayesi üzrə dünyanın aparıcı avadanlıq istehsalçıları, o cümlədən Almaniyanın HAZEMAG, Gebr. Pfeiffer, Claudius Peters, Haver&Boecker, Aumund və Siemens, Fransanın Fives Pillard, Hollandiyanın Phillips və digər şirkətlərlə uğurlu əməkdaşlıq bu günədək davam etdirilir.
“Norm” şirkəti öz tərəf müqabilləri ilə mürəkkəb və iri həcmli layihələri qısa müddətdə, səmərəli şəkildə və yüksək keyfiyyətlə yerinə yetirmək iqtidarındadır. Buna şirkətin maliyyə resursları imkan verir. Şirkət xarici maliyyə institutlarının da etimadını qazanıb. “Norm” MMC-nin korporativ idarəetmə modeli və şəffaf maliyyə strukturu bu qurumlar tərəfindən təqdir edilib. Bu baxımdan Alman İxrac-Sığorta Agentliyi Euler Hermes, Almaniyanın beynəlxalq miqyaslı bankı Commerzbank və yerli PAŞA Bank ilə irimiqyaslı layihələrin maliyyələşdirilməsində etibarlı və məhsuldar münasibətlər qurulub.
Norm şirkəti dövlətin sosial-iqtisadi strategiyasının həyata keçirilməsində fəal iştirak edir və fəaliyyətini tikinti sektorunun inkişaf dinamikası ilə uzlaşdırır. Prezident İlham Əliyev zavodun açılış mərasimindəki çıxışında bildirmişdir: “Norm” sement zavodunun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində bütün dövlət siyasəti öz əksini tapır”.
Qeyri-neft sektorunda həcminə görə ən iri layihələr sırasında olan “Norm” sement zavodu xalqın rifah halının yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının qüdrətlənməsinə bundan sonra da öz töhfəsini verəcəkdir.