Dünya Bankı ilə Ədliyyə Nazirliyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” mövzusunda layihənin həyata keçirilməsi barədə saziş imzalayıb. Ədliyyə Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihədə ədliyyə və məhkəmə sahəsində infrastrukturun yeniləşməsi və müasir texnologiyaların tətbiqi nəzərdə tutulub.
Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Azərbaycanda səfərdə olan Dünya Bankının nəzarət missiyasının rəhbəri Devid Bernşteyn, o cümlədən Azərbaycanın bəzi məhkəmə instansiyalarının sədrləri iştirak ediblər.
Tədbirdə vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması, onların məhkəmə fəaliyyəti barədə məlumatlılığının genişləndirilməsi, müasir tələblərə cavab verən iş prosesinin təşkil edilməsi məqsədilə bir sıra məhkəmələrin yeni infrastrukturunun yaradılması üzrə işlərin getdiyi qeyd edilib.