Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiya xarici işlər nazirinin müavini, xanım Olqa Alqayerovanı qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Alqayerova səfərinin məqsədinin əməkdaşlığın genişləndirilməsi imkanlarını öyrənmək olduğunu deyib. Qonaq ümidvar olduğunu bildirib ki, Azərbaycanın Bratislavada fəxri konsulluğunun açılması, iki ölkə arasında hüquqi-normativ bazanın inkişaf etdirilməsi, enerji və digər sektorlar üzrə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi əlaqələrin genişləndirilməsinə töhfə verəcək.
O, bir sıra Slovakiya şirkətlərinin Azərbaycanda nəqliyyat-infrastruktur layihələrində iştirak etdiyini, iqtisadi əlaqələrin daha da inkişafı üçün biznes forumların keçirilməsinin faydalı olacağını söyləyib. Qonaq Slovakiyanın Azərbaycanla Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” çərçivəsində də əməkdaşlığın inkişaf etdirilməsi istəyində də olduğunu qeyd edərək, bu istiqamətdə Azərbaycanın məsələyə münasibətinin və təkliflərinin maraqlı olduğunu vurğulayıb.
E. Məmmədyarov Slovakiyanın Azərbaycana marağını yüksək qiymətləndirib, bunun qarşılıqlı olduğunu bildirib. Nazir əlaqələrin genişləndirilməsi üçün Slovakiya tərəfindən qaldırılan bütün istiqamətlərin vacibliyini bölüşüb, habelə iki ölkə XİN-lərinin diplomatik akademiyaları arasında əməkdaşlığın, mədəniyyət günlərinin mübadiləsinin də məqsədəmüvafiqliyini diqqətə çatdırıb. Aİ-nin “Şərq tərəfdaşlığı”na münasibətdə E. Məmmədyarov Azərbaycanın bu əməkdaşlığın bir-biri ilə sıx bağlı olan təhlükəsizlik, iqtisadi, humanitar sahələr üzrə inkişafında maraqlı olduğunu bildirib.
Təhlükəsizliklə bağlı əsas məsələ kimi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının vacibliyini qeyd edən E. Məmmədyarov münaqişə həll edilməyənədək regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin mümkün olmayacağını, münaqişənin həllinin regionun inkişafı üçün yeni imkanlar açacağını diqqətə çatdırıb, habelə, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib.