Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Naxçıvan Muxtar Respublikasının (NMR) CDMA simsiz rabitə standartı operatoru “Naxtel” şirkətinə LTE (Long Term Evolution) şəbəkəsinin açılması üçün tezliklərdən istifadəyə lisenziya verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, operator RYTN-ə Azərbaycan ərazisində öz fəaliyyətini genişləndirməklə bağlı icazə alınması üçün müraciət edib.
Ə.Abbasov qeyd edib: “Biz ilkin mərhələdə operatorun fəaliyyətini daxili rouminq əsasında təmin etmək niyyətindəyik. Daha sonra mobil rabitə xidmətinin bütün Azərbaycan ərazisində açılması məsələsinə baxılacaq”.
Hazırda operator 800-900 MHz diapazonundan istifadə etməklə CDMA standartında simsiz rabitə xidmətləri göstərir.
“Naxtel”in öz baza stansiyalarının tikintisi üzrə planlarını bu yaxınlarda şərh edən NMR RYTN-in mətbuat xidmətinin rəhbəri F.Hacıyev bildirmişdi ki, birinci mərhələdə “Bakcell”, “Azercell” və “Azerfon” mobil operatorlarının baza stansiyaları üzərindən rabitə və internet xidmətlərinin göstərilməsi nəzərdə tutulur: “Bu məsələ Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yardımı ilə razılaşdırılacaq. Şirkət mərhələli olaraq baza stansiyalarının tikintisini və genişləndirilməsini planlaşdırır”.