Ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov, Şahbaz Hüseynov və Həsən Həsənovun nəşinin geri qaytarılması məsələsi daim Azərbaycan hökumətinin diqqətindədir.
Trend-in məlumatına görə, bu barədə Baş Nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Ə.Həsənov qeyd edib ki, o, iki gündən bir Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi ilə görüşür: “Son dəfə dünən görüşmüşük və mən öz sərt mövqeyimizi ona bildirdim. Mən onların dedikləri qaydalar ilə razılaşmadım, dedim sizin dediklərinizin heç biri bizi qane etmir. Siz nə vaxt Azərbaycan hökumətinə müraciət edirsiniz, hansı əsir barəsində hansı məlumatı almaq istəyirsinizsə, biz dərhal onu təmin edirik, Ermənistan tərəfi isə bunu etmir. Nə üçün sizin Beynəlxalq Qızıl Xaç Komitəsi, sizin baş qərəgahınız bu barədə dünya ictimaiyyətinə məlumat vermir?”
Ə.Həsənov qeyd edib ki, Azərbaycan tərəfi Ermənistana son təklifini edib: “Bizdə beş nəfərdən ibarət bir erməni ailəsi var, bu yaxınlarda dünyasını dəyişən erməni diversantının meyiti var. Biz təklif etmişik ki, o erməni ailəsi və o meyiti ordakı meyit və girovlarla dəyişmək istəyirik. Dünən Qızıl Xaç Komitəsi bizə izah edirdi ki, ermənilər ancaq meyiti dəyişə bilərlər, girovu dəyişmək istəmirlər. Biz də dedik ki, bu kompleks şəkildə olmalıdır, başqa təklif qəbul etməyəcəyik”.