2009-cu ilin 4 ayı ərzində Azərbaycanda 6826 cinayət hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin məlumatlarına görə, 2009-cu ilin ilk 4 ayı ərzində ölkədə 6826 və ya əhalinin hər 100 min nəfərinə hesabı ilə 78 cinayət hadisəsi qeydə alınıb. Baş verən cinayətlərin 89,2 faizi az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Törədilmiş cinayətlər nəticəsində 2845 nəfər xəsarət alıb. Məlumatda həmçinin cari ilin yanvar-aprel aylarında aşkar edilmiş 5198 nəfər hüquqpozucunun 4203 nəfərinın cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir. Aşkar edilənlərin 83,1 faizi əmək qabiliyyətli yaşda olub, lakin heç bir yerdə oxumayan və işləməyənlər, 9,9 faizi əvvəllər cinayət törətmiş şəxslər, 11,9 faizi qadınlar və 2,2 faizi 14-17 yaşlı uşaqlardır.