Azərbaycanda məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdiriləcəklər.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun yeni imzaladığı “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nda öz əksini tapıb.
Qaydalara əsasən, üzrlü səbəb – xəstəliklə bağlı müalicə, fövqəladə hadisə, xidməti ezamiyyə ilə əlaqədar valideynlərin (digər qanuni nümayəndələrin) başqa yerdə olması – olduğu halda dərs məşğələlərinin başlandığı tarixdən 1 (bir) ay müddətində uşağın I sinfə qəbuluna icazə verilir. Həmin müddətdən sonra I sinfə uşaq qəbulu aparılmır.
Uşağın I sinfə qəbulu barədə valideynin (digər qanuni nümayəndənin) ərizəsi müvafiq dərs ilinin ikinci yarımilindən etibarən növbəti dərs ili başlananadək məktəbdə qeydiyyata alınır. Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbuluna təsir etmir.
Məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilir. I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməmiş şagirdin təkrar I sinifdə oxumasına yol verilir.
I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxuması yolverilməzdir.
Bu və ya digər səbəbdən müəyyən olunmuş müddətdə I sinfə qəbul
edilməyən 8 yaşdan yuxarı uşaqların təhsilə cəlbi “Fərdi təhsilin təşkili haqqında Qaydalar”a uyğun həyata keçirilir.
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu
Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq qaydalara uyğun aparılır.