“Azad, Şəffaf və Ədalətli Seçkilər” Koalisiyası (AŞƏS) oktyabrın 15-də ölkəmizdə keçiriləcək Prezident seçkilərinə hazırlıq mərhələsinin monitorinqini davam etdirir.
AŞƏS nümayəndələrinin 47 saylı Mingəçevir, 48 saylı Yevlax, 49 saylı Yevlax-Mingəçevir, 102 saylı Samux-Şəmkir, 72 saylı Yardımlı–Masallı seçki dairələrindən SİA-ya verilən xəbər görə, dairələrdə seçici siyahıları hazırdır. Dəqiqləşdirmə işləri davam etdirilsə də, siyahılar artıq məntəqələrdə xüsusi lövhələrdən asılıb. Həmçinin, seçki plakatları və təbliğat plaketləri üçün xüsusi yerlər ayrılıb. Lakin təbliğat kampaniyasının başlamasına baxmayaraq, 72 saylı Yardımlı–Masallı seçki dairəsinin bəzi məntəqələrində prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin təşviqat materialları hələ də müvafiq lövhələrdən asılmayıb.
AŞƏS 48 saylı Yevlax seçki dairəsinin 12 saylı məntəqəsində isə qanun pozuntusu aşkarlayıb. Monitirinq zamanı müəyyən olunub ki, bu dairədə təbliğat-təşviqat işinə, eləcə də namizədlərin şəkilləri və platformalarının müvafiq lövhələrdə yerləşdirilməsinə, onların hansı ardıcıllıqla tərtib olunmasına məntəqə komissiyası deyil, icra hakimiyyətinin nümayəndəsi nəzarət edir. AŞƏS nümayəndəsinin verdiyi məlumata görə, ATƏT-in ölkəmizdə keçiriləcək prezident seçkilərini müşahədəçi qrupunun 2 üzvü bu yaxınlarda 102 saylı Samux-Şəmkir seçki dairəsində olub. Müşahidəçilər seçkiqabağı vəziyyəti araşdırmaq məqsədilə bir sıra görüşlər keçiriblər.
Monitorinq nəticəsində o da məlum olub ki, 102 saylı Samux-Şəmkir seçki dairəsində səsvermə günü qeydiyyat ünvanında deyil, başqa ərazidə olması ilə əlaqədar qeydiyyatdan çıxan seçicilər də var. Görülən tədbirlərə baxmayaraq, AŞƏS tərəfindən seçicilər arasında yenə də köhnə sovet pasportlarının daşıyıcıları və hələ də şəxsiyyət vəsiqəsi almayanların olduğu müşahidə edilib.
Qeyd edək ki, sözügedən dairədə YAP, AVP, SRP partiyalarının, eləcə də digər müraciət edən təşkilatların müşahidəçiləri artıq fəaliyyətə başlayıblar. Burada müşahidəçilərin sayı təxminən 200-dür.