Onların əksəriyyəti yerli özünüidarə orqanlarına namizəddir
Türkiyədə yerli özünüidarə orqanlarına seçki zamanı baş verən silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Lent.az-ın məlumatına görə, Kayseri şəhərinin İncəsu qəsəbəsində səs verməyə gedən iki qrup arasında yaranan qarşıdurma 1 nəfərin ölümü, 1 nəfərin isə yaralanması ilə nəticələnib.
Vanın Erçek yaşayış massivində səsvermə zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Qarsın Kağzman rayonunun Qarabağ kəndində də namizədlərin tərəfdarları arasında ciddi qarşıdurma baş verib. Nəticədə kəndin muxtarlığına namizədlərdən 1-i ölüb, 5 nəfər isə ağır bədən xəsarəti alıb.
Şanlı Urfanın Bezirci kəndində muxtarlığa namizəd, 39 yaşlı Müslüm Babacan odlu silahla qətlə yetirilib. Yaranan gərginlik 12 nəfərin də yaralanmasına səbəb olub.
Diyabəkirin Lice rayonunda muxtarlığa namizədlərin yaxınları dalaşıblar. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Buminağa məhəlləsində isə muxtarlığa namizəd Şirin Çamlı ilə bəzi seçicilər arasında mübahisə yaranıb. Mübahisə zamanı namizəd ürək tutmasından keçinib.
Afyon şəhərinin Göynük kəndində namizədlərin tərəfdarları arasındakı qarşıdurma nəticəsində 6 nəfər güllə yarası alıb.
Şanlı Urfanın Boztəpə kəndində isə böyük insident baş verib. Namizədlərin yaxınları arasında baş verən qarşıdurma 18 nəfərin yaralanmasına gətirib çıxarıb.
Ağrının Patnos rayonunun Dədəli kəndində muxtarlığa namizədin 16 yaşlı qohumu bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının vəziyyəti ağırdır.
Baş verən hadisələrlə bağlı onlarla şəxs tutulub.