“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan ailələrinin psixo-sosial sahələrdə müşaiyət olunması” layihəsinin icrasına yekun vurub.
qhtxeber.az-ın məlumatına görə, layihənin məqsədi itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması, onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışının təmin edilməsi, peşəkar psixoloq fəaliyyətindən istifadə etməklə ailələrin psixoloji vəziyyətinin analiz olunması və mənəvi dəstəyin verilməsi, effektiv və pulsuz hüquqi yardımla təmin edilməsi olub. Bunun üçün həmin ailələrlə “İnsan Hüquqları XXI əsr- Azərbaycan” Fondunun hüquqşünasları, psixoloqu və sirdaş qismində layihəyə cəlb olunmuş işçiləri tərəfindən xüsusi görüşlər və ailələrə səfərlər təşkil edilib. Bu görüş və səfərlər zamanı ailələrin psixoloji və hüquqi ehtiyacları öyrənilərək, bu istiqamətlərdə onlara hüquqi və psixoloji yardımlar göstərilib.
3 ay davam edən layihə çərçivəsində 150 itkin düşmüş şəxsin ailələrinə psixo-sosial sahələrdə yardım göstərilib, həmçinin həmin ailələrin psixoloji və hüquqi problemlərinin həlli istiqamətində onlara kömək edəcək bukletlər çap edilib və paylanıb.
Qeyd edək ki, təşkilat layihənin icrası zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan ofisi ilə sıx əməkdaşlıq edib.