Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində yayılan “Zakir Həsənov istefa ərizəsi yazıb” başlıqlı məlumatlara münasibətini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir ki, bu kimi xəbərlərin yayılması ictimaiyyət arasında ordu haqqında yanlış fikrin yaranması və aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması məqsədini güdür, eyni zamanda Silahlı Qüvvələrin rəhbərliyində təəssüf hissi doğurur.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə Nizamnamələrin tələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə olunan sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu quruculuğu prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət təşkil olunub.
Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və yalnız uydurma xarakteri daşıyır.