Bernar Fasie: “Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır”

Onun fikrincə, kompromis mövqelərin əldən verilməsi yox, problemin məğlubiyyətsiz həlli deməkdir

Martın 24-də Avstriyanın paytaxtı Vyanada Böyük Britaniyanın “International Alert” qeyri-hökumət təşkilatının (QHT) təşkilatçılığı ilə “Dağlıq Qarabağ münaqişəsi: çağırışlar və cəmiyyətlər arasında etimadı möhkəmləndirmə üçün imkanlar” mövzusunda dəyirmi masa keçirilib.

“International Alert” təşkilatından APA-ya verilən məlumata görə, dəyirmi masada Azərbaycan və Ermənistandan 40-dək vətəndaş cəmiyyətinin təmsilçisi, ekspert və ziyalılar, habelə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Yuri Merzlyakov (Rusiya), Metyu Brayza, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Aleksandr Katsanis iştirak ediblər.

Beş saat davam edən açıq müzakirələr zamanı beynəlxalq vasitəçilər və vətəndaş cəmiyyətinin təmsilçiləri ermənilər və azərbaycanlılar arasında etimadı möhkəmləndirmənin hazırkı vəziyyətdə mümkünlüyü və çağırışları üzrə fikir mübadiləsi aparıblar.

“International Alert” təşkilatının nümayəndəsi Dessislava Roussanova tədbirdən sonra bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəyirmi masa üçün birgə fikri belə olub ki, müharibə seçim deyil: “Müzakirələr çox konstruktiv və pozitiv keçdi. Çoxları arzu etdi ki, vətəndaş cəmiyyəti və vasitəçilər arasında əməkdaşlıq mütəmadi olsun”.

“Regnum” agentliyi isə həmsədrlərin tədbirdə maraqlı fikirlər səsləndirdikləri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, fransalı həmsədr B. Fasie çıxışı zamanı problemi vasitəçilərin həll etmədiklərini, sadəcə bu işdə tərəflərə yardım etdiklərini və beynəlxalq qarantiyaya nail olunmasına çalışdıqlarını söyləyib.

Onun fikrincə, kompromis mövqelərin əldən verilməsi yox, problemin məğlubiyyətsiz həlli deməkdir. B. Fasie bəyan edib ki, Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması, habelə Dağlıq Qarabağ ərazisinin heç bir şərtsiz Azərbaycana qaytarılması cəhdləri yeni müharibəyə səbəb ola bilər.

“Madrid prinsipləri”nin ideal olmadığını qeyd edən diplomat bununla belə, ideal olmayan kompromisin ideal müharibədən üstün olduğunu vurğulayıb: “İndiki vəziyyətdə nisbətən real variant Ermənistan hərbçilərinin nəzarətində olan ərazilərin Azərbaycana qaytarılması, Dağlıq Qarabağın müvəqqəti statusuna Bakı və İrəvan üçün məqbul olan təhlükəsizlik qarantiyası verilməsidir. Problemin hazırda həlli mümkün olmayan hissəsinin – əhalinin öz müqəddəratını təyin etməsi məsələsinin reallaşması isə azərbaycanlı icmasının qayıdışından sonra – 5-10, yaxud 15 ildən sonra mümkündür”.

Amerikalı həmsədr Metyu Brayza isə bildirib ki, öz xalqlarının başında dayanan Azərbaycan və Ermənistan prezidentləri onları sülhə gətirməlidirlər. M. Brayza Dağlıq Qarabağ ermənilərinin ərazilərin qaytarılmasına ehtiyatla yanaşmalarını anladığını vurğulayıb: “Lakin onlar bilməlidirlər ki, bu proses təkcə Azərbaycanın deyil, beynəlxalq qarantiya altında baş verəcək”. M. Brayza ABŞ-ın yeni dövlət katibi Hillari Klintonun ona münaqişənin həllinə hər cür yardım göstərməyə hazır olduğunu bəyan etdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rusiyalı həmsədr Y. Merzlyakov bildirib ki, problemin həllini çətinləşdirən məsələlərdən biri hazırkı “status-kvo”nun tərəflərdən birini tam qane etməsi, digər tərəfin isə bunu dəyişmək üçün bütün imkanlara əl atmağa hazır olmasıdır. Diplomat hazırda tərəflər arasında etimadın gücləndirilməsi üçün yalnız təmas xəttində monitorinqlərin keçirilməsini göstərib: “Lakin sonuncu monitorinqlərdən biri atəşkəsin pozulması ucbatından baş tutmayıb. Bundan başqa, tərəflər ATƏT-in Minsk Qrupunun snayperlərin ön cəbhədən çəkilməsi ilə bağlı çağırışına da əməl etməyiblər. Odur ki, vasitəçilər prezidentlərlə yanaşı, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında da danışıqların aparılmasının tərəfdarıdırlar. Hələlik belə görüşlər Bakı və İrəvanda deyil, digər şəhərlərdə keçiriləcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO