MSK: “Seçicilərin təxminən 90 faizi referendumda təklif olunan variantların lehinə səs verib “


İlkin nəticələrə görə, 29 maddənin hər biri üzrə təxminən 87-88 faiz “lehinə”, 6-7 faiz “əleyhinə” səs verilib

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ötən gün keçirilmiş ümumxalq səsverməsinin ilkin nəticələri artıq açıqlanıb.

Seçki məntəqələrinin 96 faizindən Mərkəzi Seçki Komissiyasına daxil olan protokollara əsasən, seçicilərin təxminən 90 faizi referendumda təklif olunan variantların lehinə səs verib.

“Referenduma çıxarılan 29 maddədəki əlavə və dəyişikliklərin hamısının “lehinə” yüksək fəallıqla səs verilib”. Bunu martın 18-də ölkənin əsas qanununa -konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinin ilkin nəticələrini elan edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəyan edib.

Qeyd edək ki, ilkin nəticələrə görə, 29 maddənin hər biri üzrə təxminən 87-88 faiz “lehinə”, 6-7 faiz “əleyhinə” səs verilib. Yerdə qalan səslər etibarsız sayılıb. Rəqəmlər göstərir ki, ən çox “lehinə” səs prezidentin səlahiyyət müddətinin uzaldılması ilə bağlı hissəyə verilib.

Səsvermə 5367 məntəqədə keçirilib. 3 milyon 478 min 571 nəfər ölkə vətəndaşı səsvermədə iştirak edib ki, bu da ümumi siyahıya alınan seçicilərin 71.08 faizini təşkil edir. MSK sədri bu rəqəmi çox yaxşı göstərici kimi qiymətləndirib. Onun sözlərinə görə, səsvermənin gedişi zamanı rəsmi qaydada heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb.

Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən qaynar xəttə cəmi 6 şikayət xarakterli müraciət daxil olub ki, onlarla bağlı yerində aparılan araşdırmalar zamanı bu müraciətlərin həqiqətə uyğunluğu aşkar olunmayıb. Məzahir Pənahov: “Səsvermə ümumilikdə sakit bir atmosferdə keçirilib. Azərbaycan seçiciləri öz iradələrini ortaya qoymaq üçün tam şəraitlə təmin ediliblər”.

Qeyd edək ki, Azərbaycanda ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun yekun rəsmi nəticələri uzağı 25 gün müddətində Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunmalı və təsdiq edilməlidir. Komissiyada isə yekun nəticələrin qanunla müəyyən edilən vaxtdan daha əvvəl açıqlanacağı qənaətindədirlər.

Qurum bu il tətbiq olunan yeni üsullar hesabına yerlərdə səslərin sayılması prosesinin sürətlə aparıldığını bildirir. /ANS TV/

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO