Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) başa çatıb.
Lent.az-ın Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən müxbiri xəbər verir ki, səsvermə bütün ölkə ərazisində 125 seçki dairəsinin 5367 seçki məntəqəsində keçirilib. Saat 19.00-da seçki məntəqələri bağlanıb, daha sonra isə səslərin sayılmasına başlayıb. Səslərin sayılması prosesi bir neçə saat davam edəcək. Məntəqə seçki komissiyalarının protokolları Dairə Seçki Komissiyalarına daxil olan kimi ilkin nəticələr açıqlanmağa başlayacaq.
”Seçkilər” İnformasiya Mərkəzinin saat 17.00-a açıqladığı məlumata görə, ölkə üzrə seçici aktivliyi 64,12 %-dir. Bu isə referendumda 3 milyon 137 min 851 seçicinin iştirak etməsi deməkdir. Təxminən 1 saatdan sonra seçici aktivliyilə bağlı sonuncu açıqlama veriləcək.
Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. Müxalifətdən olan referendum üzrə təşviqat qrupları referendumu aktiv şəkildə boykot etdiyini açıqlayıb.
Qeyd edək ki, müstəqil Azərbaycanın Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum ikinci dəfədir keçirilir. İlk analoji proses 2001-ci ildə keçirilib.