Bu gün qəbul olunan amnistiya 9 min məhbusa şamil olunur ki, bu da ölkədəki ümumi məhbusların 35 faizi deməkdir.
Hazırkı amnistiya ilə 1700 dustaq azadlığa çıxacaq (ümumi məhkumların 12 faizi), 1200 nəfərin cəzası azaldılacaq. Amnistiya məhkum qadınların 60 faizini əhatə edir.
“Media forum” saytı xəbər verir ki, bu statistikanı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov amnistiya aktı layihəsi barədə deputatlara məlumat verərkən açıqlayıb.
Ə.Hüseynov bildirib ki, indi Azərbaycanda hər 100 min nəfərə 200 məhkum düşür və bu rəqəm Şərqi Avropa ölkələrindəki göstəriciyə uyğundur.
Amnistiyadan sonra Azərbaycanda hər 100 min nəfərə düşən məhkumların sayı 190 nəfər civarında olacaq.
Ə.Hüseynovdan sonra layihənin müəllifi – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib.
Bundan sonra Milli Məclisin sədri Oqtay Əsədov layihəni səsverməyə çıxarıb. Beləliklə, 111 deputatın leyhinə, 1 deputatın əleyhinə səs verdiyi amnistiya aktı layihəsi müzakirəsiz qəbul olunub.
“Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” qərar 4 ay müddətində tam icra olunacaq.
«Media forum»