Prezident İlham Əliyev: İkinci rübdə və ilin sonuna qədər Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir

İkinci rübdə və ilin sonuna qədər görüləcək işlər çoxdur. Biz bu işlərin hamısını yüksək səviyyədə görməliyik. İlk növbədə, Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Bu il bu İnvestisiya Proqramı kifayət qədər böyükdür. İnvestisiyalar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir və güclü iqtisadi potensialımızın artırılmasına yönəlibdir.

Trend-in məlumatına görə, bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Prezidentin sözlərinə görə, infrastruktur layihələri proqram üzrə aparılır və aparılmalıdır: “Hələ ki, biz infrastruktur layihələrini tam şəkildə başa çatdıra bilməmişik. Ancaq bu istiqamətdə müsbət irəliləyiş vardır. Bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xətlərinin çəkilişi layihələri icra ediləcəkdir və əslində icra edilir. Bəzi rayonlarda bu layihələr başa çatıb. Bəzi rayonlarda isə hələ ki, işlər davam edir. İçməli su və kanalizasiya layihələri hazırda əsas prioritet məsələdir. Çünki elektrik enerjisi ilə təminat, qazlaşdırma sahəsindəki işlərin böyük əksəriyyəti artıq görülübdür. Hazırda kənd yolları, içməli su və kanalizasiya layihələri daha da böyük investisiya tələb edir. Eyni zamanda, bu yaxınlarda Prezidentin ehtiyat fondundan artezian quyularının qazılması üçün əlavə vəsait ayrılmışdır. Bu da insanları içməli su ilə təmin etmək üçün çox önəmli bir addım olacaqdır”.

Dövlət başçısı qeyd edib ki, bir sözlə, bu məsələlər Dövlət İnvestisiya Proqramında öz əksini tapıbdır, icra edilməlidir, maliyyə problemlərimiz yoxdur: “Eyni zamanda, sosial infrastruktur layihələri icra edilir. Biz burada da keyfiyyətə üstünlük verməliyik. Məktəblərin, xəstəxanaların tikintisi ən yüksək səviyyədə aparılmalıdır. Əminəm ki, Dövlət İnvestisiya Proqramının tam həcmdə icrası bu il də təmin ediləcəkdir.

Sosial proqramların icrası da dövlət büdcəsində nəzərdə tutulub. Bu, dediyim kimi, daimi bir prosesdir. Biz çalışmalıyıq ki, insanlarımız sosial təminat baxımından əziyyət çəkməsinlər. Xüsusilə aztəminatlı ailələr üçün sosial dəstək daha da təsirli olmalıdır.

İnvestisiya Proqramımız böyük olduğuna görə biz əlbəttə ki, makroiqtisadi vəziyyətə də daim diqqət yetirməliyik. Hazırda makroiqtisadi sabitlik təmin edilir, inflyasiya cəmi 2 faizdir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiyanı bu səviyyədə saxlaya biləcəyik. Deyə bilərəm ki, Azərbaycan nadir ölkələrdəndir ki, giriş sözümdə dediyim kimi, əhalinin pul gəlirləri inflyasiyanı daim üstələyir – 2 dəfə, 3 dəfə. Amma bu, daimi üstələmədir. Bu göstərici sadəcə olaraq gözəl bir iqtisadi parametr deyil, bu, əslində insanların gündəlik həyatında böyük rol oynayan bir amildir.

Biz çalışmalıyıq ki, xarici investisiyaları ölkəmizin inkişafı üçün lazım olan, prioritet təşkil edən sektorlara cəlb edək”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycanda xarici investisiyalar daha çox neft-qaz sektoruna qoyulur: “Bu da təbiidir. Artıq 20 ildir bu, belədir. Yəqin, nəzərə alsaq ki, biz indi böyük enerji layihələrini icra edirik, belə də olacaqdır. Ancaq biz çalışmalıyıq ki, digər sektorlara da xarici və özəl investisiyaları daha böyük həcmdə cəlb edək. Çünki hazırda infrastruktur layihələrinin icrasına dövlət investisiyaları qoyulur. Biz dövlət kreditlərindən istifadə edərək iqtisadiyyatın real sektorlarını da canlandırırıq. Ancaq çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına da cəlb edək. Əlbəttə ki, bu, o qədər də asan məsələ deyildir. Çünki hələ ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranının fəsadları yaşanır, hələ aparıcı dünya iqtisadiyyatlarının iqtisadi inkişafı onlar üçün lazımi səviyyədə təmin edilməyib. Ona görə xarici investisiyaları cəlb etmək o qədər də asan məsələ deyildir. Nəzərə almalıyıq ki, dünyanın əksər ölkələri bu işlərlə məşğuldur. Ancaq biz elə bir şərait yaratsaq və ümumiyyətlə, Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək, biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik. Biz bu məsələlər ətrafında işləməliyik.

Sahibkarlığın inkişafı ilə əlaqədar işlər artıq yolundadır. Həm maliyyə resursları, həm məsləhət, tövsiyə xarakterli tədbirlər görülür ki, sahibkarlar aldığı güzəştli kreditlərdən daha da səmərəli şəkildə istifadə etsinlər. Bu, əlbəttə ki, emal sənayesinin, kənd təsərrüfatının inkişafında özünü gələcəkdə də göstərəcəkdir.

Ərzaq təhlükəsizliyi məsələləri bu sahədə prioritet təşkil edir. Eyni zamanda, hesab edirəm ki, biz Azərbaycanda istehlak edilən və istehsalı mümkün olan digər məhsulların istehsalı ilə ciddi məşğul olmalıyıq. Onların arasında tikinti materiallarının istehsalı hesab edirəm ki, diqqəti çəkməlidir. Çünki istehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı azaltmalıyıq. İlk növbədə, iqtisadiyyatı inkişaf etdirmək və yeni iş yerlərini yaratmaq üçün. Eyni zamanda, biz ixrac imkanlarımızı da artırmalıyıq”.

Prezident əmindir ki, indi kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar – məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması və digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac potensialı yaranacaq və bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcəkdir: “Ona görə ixrac imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları axtarmalıyıq və o bazarlara çıxmalıyıq.

Belə olan halda biz gələcəkdə sahibkarlığın və kənd təsərrüfatının yüksəlişi üzrə çox dinamik inkişaf yolu ilə gedəcəyik, bu inkişafı təmin edəcəyik”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkədə demoqrafik vəziyyət çox müsbətdir, əhalimiz ildən-ilə artır: “Son məlumata görə artıq 9 milyon 500 min səviyyəsinə çatıbdır. Ermənistanı götürsək, hər il Ermənistanı təxminən 80-100 min arası insan tərk edir və bu ilin birinci rübünün statistikasına görə, 20 mindən çox insan tərk edibdir. Əlbəttə bu, depopulyasiyadır. Bir müddətdən sonra orada ümumiyyətlə, 1 milyondan az əhali olacaq. Ancaq olmayan iqtisadi inkişafı, necə deyərlər, təmin etmək üçün bu, onlar üçün əlverişlidir. Çünki əgər fərz etsək ki, Ermənistanda da Azərbaycandakı kimi əhali artır, onda tamamilə müflisləşmə baş verəcəkdir və səfalət daha da böyük ölçülərlə ölçüləcəkdir. Baxmayaraq ki, bu gün də yoxsulluq səviyyəsində yaşayanların sayı Ermənistanda 35 faizdir. Yəni, demək istəyirəm ki, kənd təsərrüfatının inkişafı Azərbaycanda müsbət demoqrafik dinamikanı da nəzərə almalıdır.

Mən regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramını müzakirə edərkən bu məsələlərlə bağlı kifayət qədər geniş danışmışam, tapşırıqlarımı vermişəm. Əlavə sözlərə ehtiyac yoxdur”.

Dövlət başçısı bildirib ki, kənd təsərrüfatında aparılan islahatları dərinləşdirmək üçün yaxın günlərdə yeni Sərəncam imzalanacaq və əmindir ki, bu Sərəncamın çox müsbət təsiri olacaqdır: “Bizim ümumi daxili məhsulumuzun böyük hissəsini bu gün qeyri-neft sektoru təmin edir. Bu, müsbət haldır və iqtisadi şaxələndirmə siyasətimizin nəticəsidir. Ancaq əgər biz ixrac strukturuna baxsaq, görərik ki, burada mütləq əksəriyyət neft-qaz sektorunun payına düşür. Yəqin ki, bu, təbiidir. Çünki bu rəqəmlər və hasilat o qədər böyükdür ki, əlbəttə, qeyri-neft sektoru bu templərlə ayaqlaşa bilmir. Ancaq yenə də çalışmalıyıq ki, biz qeyri-neft ixrac potensialımızı artıraq, gücləndirək. Buna nail olmaq üçün keyfiyyət yüksək olmalıdır, əlavə məhsul istehsal edilməlidir. Biz yeni bazarlara çıxmalıyıq və çıxacağıq.

Bildiyiniz kimi, 2014-cü il “Sənaye ili” elan edilmişdir və sənayeləşmə ilə bağlı düşünülmüş siyasət aparılır. Mən artıq bu barədə danışmışam. Bir daha demək istəyirəm ki, hər bir rayonda sənaye zonaları yaradılmalıdır. Fevral ayında bu göstəriş verilmişdir və bu göstəriş icra edilməlidir. Əlbəttə ki, bizim əsas sənaye mərkəzlərimiz müəyyən edilib. Bu, ənənəvi mərkəzlərdir. Bakı, Sumqayıt, – Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir, – Gəncə, Mingəçevir şəhərləri bizim əsas sənaye mərkəzlərimizdir. Ancaq dediyim kimi, bütün rayonlarda sənaye zonaları yaradılmalıdır və sənayenin inkişafı daha da sürətlə getməlidir”.

Dövlət başçısı qeyd edib ki, bu il məcburi köçkünləri evlərlə təminetmə proqramı davam etdiriləcəkdir: “Keçən il 20 mindən çox köçkün yeni evlərə, mənzillərə köçmüşdür. Bu il də ən azı 20 min köçkün köçəcəkdir. Bu proqram icra edilir, davam etdirilir. Yerlər müəyyən edilibdir. Burada heç bir yubanma, ləngimə ola bilməz. Maliyyə problemi də ola bilməz. Ona görə burada hər şey qrafik üzrə gedir.

Qarabağ müharibəsi veteranlarının və əlillərin problemləri həll edilir. Bir müddət bundan əvvəl imzaladığım Sərəncam əsasında bu kateqoriyadan olan 80 min insanın sosial təminatı yaxşılaşdırılmışdır. Bu proses davam etdiriləcəkdir. Müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı şərait yaradılacaqdır. Bilirsiniz ki, evlər tikilib, mənzillər paylanır, əlillər üçün minik maşınları nəzərdə tutulubdur. Ümid edirəm ki, bu il növbədə dayanan müharibə əlilləri və şəhid ailələri minik maşınları ilə tam şəkildə təmin ediləcəklər. Növbəti üç-dörd il ərzində növbədə dayanan şəhid ailələrinin və müharibə əlillərinin hamısı yeni mənzillərlə və fərdi evlərlə təmin ediləcəkdir. Bu göstəriş verilibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlərlə məşğuldur. Dövlət investisiya xərclərində də bu məsələ nəzərə alınmalıdır”.

İlham Əliyev bildirib ki, neft-qaz sektorunda işlər yaxşı gedir: “Həm ölkə daxilində, həm xarici tərəfdaşlar burada investisiyaları artırırlar. Yeni tikilən platformalar, qazılan quyular bizim enerji potensialımızı artırır. Qazlaşdırma prosesi də uğurla gedir və əminəm ki, biz istədiyimiz rəqəmə yaxın zamanlarda çatacağıq.

Əlbəttə ki, TANAP layihəsinin icrası artıq başlamışdır. TANAP layihəsi XXI əsrin layihəsidir. “Şahdəniz-2”, TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir. Artıq tenderlər elan edilibdir. Ümid edirəm ki, yaxın zamanlarda biz tikintiyə başlayacağıq. Artıq keçən ilin sonlarında bu layihəyə start verildi. Hazırlıq işləri başlamışdır. Azərbaycan bu layihənin icrasında liderlik keyfiyyətlərini nümayiş etdirir. Hesab edirəm, tam əminəm və bilirəm ki, bizim siyasətimiz, enerji siyasətimiz, cəsarətli siyasət olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi. Bu layihələrin təşəbbüskarı Azərbaycandır. Əsas rol oynayan da Azərbaycandır. Bütün riskləri Azərbaycan öz üzərinə götürübdür. Maliyyə risklərini, texniki risklərin hamısını Azərbaycan öz üzərinə götürüb. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik.

Çünki bu günə qədər təşəbbüskarı olduğumuz bütün enerji layihələrində biz uğur qazanmışıq. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri artıq reallıqdır. Uzun illər fəaliyyət göstərir. Ona görə əminəm ki, biz bu böyük layihələri də şərəflə icra edəcəyik”.

Prezident bildirib ki, nəhayət, Azərbaycan artıq bu il birinci Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyur: “Bütün işlər cədvəl üzrə gedir. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti və Koordinasiya Komitəsi Bakıda idilər. Bakıda hazırlıqla bağlı gedən işlərə çox yüksək qiymət verdilər. Bütün idman obyektlərində tikinti işləri gedir. Olimpiya Stadionu, Su İdmanı Sarayı, Gimnastika Arenası, Atıcılıq Mərkəzi tikilir, digər obyektlərdə təmir işləri aparılır, yollar çəkilir. İdmançılar üçün Olimpiya Şəhərciyi demək olar ki, hazırdır. Yəni, biz hazırlıq işlərini davam etdiririk, aparırıq.

Bir daha demək istəyirəm ki, biz bu Oyunları Olimpiya Oyunları səviyyəsində keçirmək istəyirik. Bəziləri bilmirlər ki, bu Oyunlar həm idman növlərinin və həm də idmançıların sayına görə Olimpiya İdman Oyunlarına çox yaxındır. Hazırlıq və tikinti baxımından Qış Olimpiya Oyunlarından daha böyükdür. Bizdə gələn il yarışacaq idmançıların sayı Qış Olimpiya Oyunlarında idmançıların sayından 2 dəfə çoxdur. Ona görə bu böyük bir sınaqdır, böyük bir çağırışdır. Nəzərə alsaq ki, Yay Olimpiya Oyunlarına hazırlıq müddəti 7 ildir, bizdə isə cəmi 2 il yarımdır. Ancaq biz güclü dövlətik, bizdə bütün işlər düzgün təşkil olunur və həll edilir. Güclü siyasi iradə, texniki imkanlarımız vardır, səfərbərlik təmin edilibdir. Yəni, bu Oyunları biz elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir. İlin sonuna qədər görüləsi işlər çoxdur. Bu işləri görmək üçün sizin hamınıza uğurlar arzu edirəm”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO