Səməd Seyidov: “Avropa Şurası artıq başa düşür və müzakirə eləməyə başlayır ki, ölkələrə ikili standartlarla yanaşma düzgün deyil”
Martın 12-də Avropa Şurasının (AŞ ) Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 27-30-da Strasburqda keçiriləcək yaz sessiyası ilə bağlı büro iclası olub.
İclasda Makedoniya, Çernoqoriya və Moldavada prezident seçkiləri, AŞPA-nın yaz sessiyasının gündəliyi, AŞ-ın 2010-cu il üçün büdcəsi, Qazaxstan parlamenti ilə əməkdaşlıq, martın 18-də Azərbaycanda keçiriləcək referendum və digər məsələlər müzakirə edilib.
Azərbaycanın AŞPA yanında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov iclas barədə AzərTAc-ın xüsusi müxbirinə verdiyi müsahibəsində bunları deyib: “Büroda bizim üçün vacib olan iki məsələ müzakirə olundu. Əvvəlcə, Azərbaycanda, ümumilikdə keçmiş Sovet İttifaqının müstəqillik əldə etmiş ölkələrində prezident seçkiləri ilə bağlı ATƏT-in və digər Avropa təşkilatlarının birgə müşahidə missiyalarının fəaliyyəti müzakirə edildi. Keçən ilin oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkilərinin yüksək səviyyədə təşkil edildiyi və seçkilərin Avropa standartlarına uyğun keçirildiyi bir daha xüsusi vurğulandı. ATƏT-in müşahidə missiyalarının rəhbəri iclasdakı çıxışında bütün ölkələrdə, o cümlədən Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar fikrini dedi və bununla bağlı məsələlərdən bəhs etdi. Bizim üçün əhəmiyyətli cəhət ondan ibarətdir ki, iclasda ATƏT və digər beynəlxalq təşkilatlar arasında mövcud problemlər müzakirələrin əsas mövzusu oldu”.
S.Seyidov müzkirələr zamanı diqqətə çatdırıb ki, heç bir ölkəyə əvvəlcədən hazırlanmış ssenari əsasında müşahidə missiyası göndərmək olmaz: “Cənubi Qafqaz bölgəsində keçirilmiş prezident seçkilərinin hamısını müzakirə etsək, görərik ki, ən demokratik, Avropa standartlarına ən uyğun seçkilər Azərbaycanda keçirilib. Lakin bəzi qüvvələr, xüsusilə ATƏT bu seçkiləri başqa ölkələrdəki seçkilərlə eyniləşdirməyə cəhd göstərib. Belə yanaşma tərzi anlaşılmazdır.
Bilirsiniz, biz dəfələrlə demişik ki, bəzi məsələlərdə Azərbaycana qarşı xüsusi yanaşma movcuddur. Bu yanaşma bəzi hallarda obyektiv olmur. Dəfələrlə opponentlərimiz qeyd ediblər ki, yox, məsələ heç də elə deyil. İndi isə Avropa Şurasının özü artıq başa düşür və o məsələni müzakirə eləməyə başlayır ki, ölkələrə ikili standartlarla yanaşma düzgün deyil. İkili standartlar nəinki ölkələri, eyni zamanda, təşkilatların özlərini də nüfuzdan salır. Ona görə də bu məsələlər artıq Avropa Şurasında müzakirə mövzusuna çevrilib”.
Səməd Seyidovun bildirdiyinə görə, martın 18-də Azərbaycanda keçiriləcək referendumla bağlı heç bir məsələ müzakirə edilməyib, sadəcə, AŞ-ın Azərbaycana göndərəcəyi müşahidə missiyasının tərkibi müəyyənləşdirilib.