Azərbaycan NATO-nun yalnız çoxillik deyil, eyni zamanda fəal və mühüm tərəfdaşlarından biridir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə NATO baş katibinin müavini Sorin Dukaru bildirib.
O qeyd edib ki, bu əlaqələr siyasi dialoqun nəticəsidir.
S.Dukaru deyib ki, Azərbaycan NATO üçün Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasına önəmli töhfə verən mühüm ölkələrdən biridir.
Alyans rəsmisi NATO-nun müxtəlif proqramlarının həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib: “Enerji təhlükəsizliyi, terrorizmlə mübarizə əməkdaşlığımızın daha bir istiqamətidir və biz bu əməkdaşlığı davam etdirmək niyyətindəyik”.
Onun sözlərinə görə, bu proqramlar Azərbaycan-NATO əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, bu gün Bakıda “Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlıqlarının gələcəyi” adlı konfrans keçirilir.