Referendumu MDB-dən 52 nəfərlik müşahidə missiyası izləyəcək

Martın 18-də keçiriləcək Konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı referendumu izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasına 52 müşahidəçi daxildir.

Bu barədə APA-ya missiya rəhbərinin müavini, MDB İcra Komitəsinin MDB-yə üzv ölkələrdə müşahidə missiyalarının texniki-təşkilatı təminatı şöbəsinin rəisi, missiya qərargahının rəhbəri Yevgeni Sloboda məlumat verib.

Missiyanın tərkibinə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan nümayəndələr daxildir. Qərargahın martın 6-dan fəaliyyət göstərdiyini xatırladan Y. Sloboda, bu müddət ərzində Mərkəzi Seçki Komissiyasında, Milli Məclisdə, Nazirlər Kabinetində, Daxili İşlər Nazirliyində görüşlər keçirdiklərini, bu gün Konstitusiya Məhkəməsində, sabah isə Ali Məhkəmədə görüşlər keçirəcəklərini bildirib: “Bu görüşlərdə biz missiyanın iş mexanizmi barədə məlumat veririk, referenduma hazırlıq prosesi ilə tanış oluruq. Azərbaycan tərəfi missiyamızın fəaliyyət üçün ölkə qanunvericiliyinin imkan verdiyi qaydada yardım edəcəklərini bildirir”. Bu günlərdə Azərbaycanın regionlarına da səfər edəcəklərini bildirən qərargah rəhbəri referendum günü əsasən Bakı və Sumqayıtda müşahidə aparacaqlarını söyləyib. Xatırladaq ki, missiyaya MDB icra katibinin müavini Toktasın Buzubayev rəhbərlik edəcək, o referenduma bir neçə gün qalmış Azərbaycana gələcək. Referendumun nəticələri barədə missiyanın rəyi martın 19-da açıqlanacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO