“Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklərə rəy verilməsi ilə bağlı müraciət Venesiya Komissiyasına yanvarın 26-da Avropa Şurasının baş katibindən və Avropa Şurası Parlament Assambleyasından daxil olub.
Hər iki müraciətdə söhbət bütövlükdə referendumdan deyil, Konstitusiyaya düzəlişlərə dair qanun layihəsindən gedir”.
Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosuna Venesiya Komissiyasının Demokratik İnstitutlar və Fundamental Hüquqlar şöbəsinin Konstitusiya məsələləri üzrə administratoru Alan Şable verib.
Onun sözlərinə görə, Venesiya Komissiyası bu qanun layihəsində dəyişiklikləri gözdən keçirib: “Lakin Venesiya Komissiyasının rəyi öz-özlüyündə heç də referendumun təşkil olunması, onun təşkil edilməsinin xüsusiyyətləri və keçiriləcəyi tarixə dair məsələləri əks etdirmir. Bu məsələlər bizə olunan müraciətin predmeti deyil. Təbii ki, biz hadisələrin inkişafını izləyirik və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin narahatlığı ilə də tanışıq. Lakin söylədiyim kimi veriləcək rəy bizə gələn müraciətlərə əsasən hazırlanacaq”.
Alan Şable Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı rəyin Venesiya Komissiyasının martın 13-də keçiriləcək plenar iclasında qəbul olunacağını və həmin gün ictimaiyyətə açıqlanacağını bildirib: “Azərbaycana göndərəcəyimiz layihənin ilkin variantı martın 13-də plenar iclasa qatılacaq bütün tərəflər, o cümlədən Azərbaycan hökumətinə göndərilib.
Lakin göndərdiyimiz sənədə hələ rəsmi forma deyil. Referendumu necə təşkil eləmək Azərbaycanın daxili işidir. Venesiya Komissiyasının bu məsələyə öz mövqeyini bildirmək fikri yoxdur.
Rəydə təklif olunan dəyişikliklərin Avropa praktikası baxımından hansı problemlər yarada biləcəyi, bu dəyişikliklərin müsbət olub-olmadığı əksini tapıb. Bu məsələlərin analizi zamanı Avropa praktikası əsas götürülüb”.