Bu gün səhər saatlarında “Moskva” univermağında yanğın baş verib. Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.
Trend nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Moskva” univermağının binasında yanğın hadisəsi baş verib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın məhdudlaşdırılıb.
İlkin məlumata əsasən, 1 ədəd eskalatorun yanar hissələri yanıb.
FHN-nin rəsmi saytının daha sonra yaydığı məlumata görə, “Moskva” ticarət mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən ziynət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.