Krımda baş verənlərə həm də pozulmuş ərazi bütövlüyünün bərpası prizmasından yanaşmaq mümkündür

Dünyanın istənilən yerində hansısa bir qurum müstəqilliyini elan etməyə başlayan kimi ermənilər Dağlıq Qarabağın “müstəqilliyi” ilə paralellər aparırlar və vəziyyəti öz xeyirlərinə təfsir edirlər. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, MDB məkanındakı Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələrindən sonra ermənilər uzun müddət Şərqi Timorda baş verənlərə istinad etdilər: “Onlar Kosovonun müstəqilliyi üstündə dastanlar yaratdılar. Amma sonda bunların heç birisi Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına təsir etmədi. İndi Krımda yerli əhalinin Ukraynanın tərkibindən çıxıb Rusiyanın tərkibinə birləşmək istiqamətində atdığı addımı ermənilər “millətlərin öz müqəddəratının təyini” prinsipinin təntənəsi hesab edirlər və belə təqdim edirlər ki, növbə Dağlıq Qarabağındır. Dağlıq Qarabağ münaqişəsi ilə digər münaqişələr arasında fərqlər çoxdur”.

M.Əhmədoğlu vurğulayıb ki, Dağlıq Qarabağda baş verənlər erməni separatizminin məhsuludur: “Eləcə də ermənilər öz dövlətlərini qura bilmədiyi kimi Dağlıq Qarabağda da “müstəqil dövlət” qura bilmədilər və məqsədləri Dağlıq Qarabağı Azərbaycandan ayırmaq idi”.

Politoloq bildirib ki, İrəvan və Qarabağ xanlıqlarının ermənilərlə əlaqəsi nə qədərdirsə, Krım xanlığının da ukraynalılara bağlılığı o qədərdir.

M.Əhmədoğlu bildirib ki, bu üç xanlıq Çar Rusiyası dövründə eyni, işğal tarixini yaşayıblar: “Çar Rusiyası Qarabağ xanlığının bir qismini və İrəvan xanlığını ermənilərə bəxş etdiyi kimi Sovet İttifaqı da Krımı Ukraynaya bağışladı. İndi əks proseslər başlayıb. Hər-halda tatarların Krım ərazisində və ya ona yaxın ərazilərdə müstəqil dövlətləri olsaydı proses fərqli istiqamətdə gedə bilərdi. Bu gün Krım Ukraynadan ayrıldığı kimi Yerevan və Dağlıq Qarabağ da ermənilərdən kənarlaşdırılmalıdır”.

Politoloq hesab edir ki, Krımda baş verənlər çoxdan gözlənilən idi. Onun fikrincə, Rusiyanın MDB məkanında apardığı siyasətin ən əsas istiqamətlərindən biri Krımı Rusiyaya qaytarmaq idi: “Rusiyanın nə vaxtsa Krımdan çıxması onun Qara dənizdən və beləliklə Aralıq dənizindən çıxması deməkdir. Bu isə Rusiya üçün hədsiz dərəcədə böyük geosiyasi itkidir. Dağlıq Qarabağda erməni separatizmi də geosiyasi proyekt idi. Məqsədi SSRİ-ni dağıtmaq idi. SSRİ dağıldı, Dağlıq Qarabağa bir şey verilmədi. Azərbaycan dövləti güclənib ayağa duran kimi 1993-94-cü illərdə BMT TŞ də 4 qətnamə qəbul etdirməklə “SSRİ-nin dağılması adlı proyektin əsas qızışdırıcısının” əl-ayağını bağladı”.

M.Əhmədoğlu əlavə edib ki, SSRİ-nin mənşəcə ukraynalı olan rəhbəri Nikita Xruşşov səlahiyyətlərindən istifadə edərək Krımı RSFSR-in tərkibindən çıxarıb, Ukrayna SSR-in tərkibinə verdi: “Ukraynalı N.Xruşşovun Rusiyanın ərazi bütövlüyünü pozması göz qabağındadır. İndi Rusiya Prezidenti Vladimir Putin həmin prosesləri əks istiqamətdə təkrarlayır. Krımı Rusiyaya qaytarmaqla Rusiyanın vaxtilə pozulmuş ərazi bütövlüyünü bərpa edir. Beləliklə tarixən pozulmuş ərazi bütövlüyünün bərpası presedenti yaranır. Erməni siyasətçisinin düşüncəsi indi baş verənləri düzgün qavramır”.

Politoloqun fikrincə, Sovet rəhbərliyinin volyuntarizminə dair misallar hədsiz çoxdur: “Zəngəzur 1923-cü ildə Stalinin iradəsi ilə Ermənistana verildi. Əslində Zəngəzur tarixi Azərbaycan torpağıdır. SSRİ dövründə ermənilər dəfələrlə 1000 hektarlarla Azərbaycan ərazilərini əllərinə keçiriblər. Dağlıq Qarabağ tarixi Azərbaycan ərazisidir. İndi ermənilərin məşkunlaşdığı ərazilər Çar Rusiyası ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsində “Qarabağ xanlığı” və “İrəvan xanlığı” adı ilə çar Rusiyasının tərkibinə keçib. 1923-cü ildə Dağlıq Qarabağla əlaqəli mübahisəni yerli ermənilərin referendumu dayandırdı. Bu referendumda ermənilər Azərbaycanın tərkibində qalmağa səs verdilər”.

M.Əhmədoğlu hesab edir ki, Krımda baş verənlər millətlərin “öz müqəddəratını təyinetmə prinsipi”nin təntənəsi deyil, ola da bilməz.

Onun sözlərinə görə, Rusiya çoxmillətli dövlətdir: “Rusiya Krımı ələ almaqla öz məqsədinə çatdı. Bundan sonra Rusiya üçün ərazi bütövlüyü prinsipi ən vacib və ən işlək prinsip olacaqdır. Yaranmış geosiyasi vəziyyətə görə Rusiya yaxın vaxtlarda MDB məkanında hansısa dövlətin ərazi bütövlüyünü dəstəkləməlidir. Moldova və Gürcüstan Aİ ilə Assosiativ Üzvlük haqqında müqaviləni imzalayıblar. Həm də Gürcüstanın Abxaziya regionu hələ ki, Krımın əvəzedicisi rolundadır. Rusiya uzun müddət Abxaziyanı əlində saxlayacaq. Rusiyanın indiki zamanda və indiki reallıqda ərazi bütövlüyünü dəstəkləyəcək yeganə dövlət Azərbaycandır. Ermənilər Azərbaycanın ərazi bütövlüyün pozub, Rusiya özünün pozulmuş ərazi bütövlüyün bərpa etdiyi kimi Azərbaycanın da pozulmuş ərazi bütövlüyünün bərpasında maraqlı tərəf kimi çıxış edəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO