Anji Kaspşik: «Cəbhə xəttində monitorinq aparılan zaman biz atəş səsləri eşitdik və monitorinqi dayandırmağı qərara aldıq»
«Fevralın 26-da cəbhə xəttində monitorinq aparılan zaman biz atəş səsləri eşitdik və monitorinqi dayandırmağı qərara aldıq». Bunu ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Minsk qrupunun həmsədrləri ilə birgə keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu hal mənfi qiymətləndirilir və məsələ ilə bağlı ATƏT sədrinin bəyanatı gözlənilir: «Monitorinq zamanı atəş açıldı. Adətən təhlükəsizliyə zəmanət verilsə də, bu dəfə belə olmadı. Ona görə də biz bu situasiyanı mənfi qiymətləndiririk».
Anji Kasprşikin sözlərinə görə, atəş səsələri iki dəfə eşidildiyi üçün tərəflərdən hansısa birini ittiham etmək çətindir.
O, bununla bağlı hesabat hazırlayaraq, həm ATƏT-in fəaliyyətdə olan sədrinə, həm də Minsk qrupu ölkələrinə təqdim edəcəyini deyib: «Mən atəşkəslə bağlı hesabatları mütəmadi təqdim edirəm. Həmin hesabatlar çap olunmur, çünki gizlidir. Burada əsas məsələ odur ki, hər kəs atəşkəsə əməl olunmasını istəyir və bu məsələdən narahatdır. Qarşılıqlı əməkdaşlıq olmadan atəşkəs rejiminə riayət olunması, eləcə də bütövlükdə münaqişənin həllində real nəticə əldə etmək mümkün deyil».
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye isə ötən il ərzində 40 nəfərin atəşkəsin pozulması nəticəsində həlak olduğunu deyib. Onun sözlərinə görə, onların əksəriyyəti snayperdən açılan atəş nəticəsində həlak olub. «Biz tərəfləri snayperləri ön cəbhədən çəkməyə çağırmışıq. Lakin hələlik bu çağırışa əməl olunmur».
Xatırladaq ki, fevralın 26-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində atəş açıb. /ANS PRESS/