QUANTANAMO AVROPAYA KÖÇÜR

Barak Obama prezident seçilməmişdən əvvəl Amerikanın Kubadakı hərbi bazasındakı Quantanamo həbsxanasını bağlayacağını vəd etmişdi.

Prezident Obama bu gün həmin vədini Avropa Birliyi ölkələrinin dəstəyi hesabına həll etməyə çalışır. Artıq Brüsseldən Obamanın istəyinə müsbət cavab gəlib.

“Media forum” saytı xəbər verir ki, Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri fevralın 26-da Brüsseldə toplanaraq Quantanamo həbsxanasındakı məhbusları öz ölkələrində yerləşdirməyə hazır olduqlarını bildiriblər.

Nazirlərin çıxardığı qərara görə, Avropa Birliyinə üzv olan hər bir ölkə istədiyi qədər məhbusu qəbul edə bilər. Söhbət o məhbuslardan gedir ki, onların təqsiri sübuta yetirilməyib. Belələri ailələriylə birgə 60 nəfərdir.

Avropa Birliyinin bu qərarı humanizm prinsipləriylə əsaslandırılır. Çünki məhbusların öz ölkələrinə qayıtması təhlükəlidir. Bəzi məhbusların ABŞı-n Mərkəzi Kəşfiyyat İdarəsiylə əməkdaşlıq etdiklərini nəzərə alan Avropa Birliyi ölkələrinin rəsmiləri belələrinin öz vətənlərində hədəfə çevrilə biləcəyindən ehtiyatlanır.

Brüsseldə çıxarılan qərar Avropa Birliyi ölkələrindən birinə gələn məhbusun digər birlik ölkəsinə keçməsinə məhdudiyyət qoyur.

Yəni baxmayaraq ki, keçmiş məhbuslar Avropa Birliyi ölkələrində yerləşdiriləcəklər, onların Şengen vizasından istifadəsi mümkün olmayacaq.

Məhbusların qəbulu və yerləşdirilməsiylə bağlı digər çətinliklər də üzə çıxa bilər. İspaniyanın daxili işlər naziri Alfredo Peres məhbusların qəbulu və yerləşdirilməsinin hüquqi baxımdan müəyyən problemlər yaradacağını istisna etməyib.

Quantanamo həbsxanası 2001-ci ilin 11 sentyabr terrorundan sonra yaradılmışdı. Hazırda bu həsxanada 250 məhbus saxlanır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO