Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 26-da Azərbaycanın Füzuli rayonunun ərazisində – Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılmışdır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun səhra köməkçiləri Piter Ki və Vladimir Çountulovun, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisindəki təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və İrji Aberlenin keçirmələri nəzərdə tutulmuşdu.
Planlaşdırıldığı kimi, fevralın 26-da saat 12.00-da monitorinq başlanmış və hər iki tərəfdə olan nümayəndələr müşahidələr aparmış, vəziyyətlə bağlı məlumatları bölüşmək üçün bir-biri ilə radio əlaqəsi saxlamışlar.
Elə bu zaman erməni tərəfindən avtomatdan iki dəfə tək, sonra aramsız, bir dəfə də tək atəş açılmışdır. Bundan sonra atəş kəsilmişdir. Güllələrin Azərbaycan tərəfdə olan monitorinq qrupuna atıldığı aydın görünürdü. Beynəlxalq monitorinq qrupunun nümayəndələri güllələrin onların yanından keçdiyini aydın hiss etmişlər. Anji Kaspşik monitorinqi dərhal dayandırmaq barədə göstəriş vermiş, eyni zamanda, qarşı tərəfdə olan monitorinq qrupuna insidenti araşdırmağı tapşırmışdır.
(AzərTAc).