İcra başçıları bələdiyyələri özlərinin “beşinci təkər “inə çevirmək istəyirlər

İcra başçıları bələdiyyələri özlərinin “beşinci təkər”inə çevirmək istəyirlər. Trend-in məlumatına görə, bunu millət vəkili Fəzail Ağamalı bu gün Milli Məclisin plenar iclasında Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2013-cü il üzrə illik məruzə ətarfında gedən müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, bu gün ölkədə bir sra rayonların icra başçıları bələdiyyələrə maneçilik edirlər: “İcra başçıları bu gün bələdiyyələri özlərinin “beşinci təkər”inə çevirməyə cəhd edirlər. Nə qədər ki, belə maneələr var, bələdiyyələrin inkişafı problem olaraq qalacaq”.

Bundan əlavə, onun fikrincə, bələdiyyə sədrləri də seçicilər tərəfindən seçilməlidir: “Onlar icra başçılarının “siyahısı” ilə deyil, digər bələdiyyə üzvləri kimi, birbaşa xalq tərəfindən seçilsə, onların məsuliyyəti də artar”.

F.Ağamalı, həmçinin mənzil-istismar sahələrinin ləğv edilərək onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklifi ilə çıxış edib: “Mənzil-istismar sahələri adlı qurum var. Bu Sovet vaxtından qalmış qurumlar artıq öz funksiyasını bitirib. Onların ləğvinə ehtiyac var. Onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi müsbət hal olardı”.

Millət vəkili Fazil Mustafa da bələdiyyə sədrlərinin birbaşa seçicilər tərəfindən seçilməsi təklifi ilə çıxış edib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə bir sıra bələdiyyələrin işini ciddi tənqid edib. O, eyni zamanda, 2014-cü ilin büdcəsində bələdiyyələrə ayrılan vəsaitin həcmindən narazılığını ifadə edib: “Ölkədə 1716 bələdiyyəyə cəmi 5,2 milyon manat vəsait ayrılıb. Amma kino çəkilişinə 6,5 manat ayrılıb. O vaxt büdcə komitələrdə müzakirə olunarkən bu məsələ ilə bağlı maliyyə nazirindən soruşanda, o bildirdi ki, bələdiyyələrlə bağlı büdcənin öhdəliyi yoxdur. Məgər büdcənin kino çəklişləri ilə bağlı öhdəliyi var? Belə anlaşılmasın ki, mən kino çəkilişlərinin əleyhinəyəm. Ancaq bələdiyyələrə ayrılan vəsaitin də həcmini heç cür qaneedici hesab edə bilmərəm”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO