“İrəvan Press” qəzetinin baş redaktoru, Bakı şəhər sakini Azər Abbasovun şantaj yolla pul tələb etməsi və mənimsəməsi müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində “İrəvan Press” qəzetinin baş redaktoru, Bakı şəhər sakini A.Abbasovun “jam.az” və “naviqator.info” internet saytlarında Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vasif Əliyev və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədov haqqında həqiqətəuyğun olmayan məlumatlar yerləşdirməklə onlar haqqında rüsvayedici məlumatların müxtəlif internet saytlarında yayılacağı hədəsi ilə hər birindən 300 manat pulu “Azərpoçt” MMC vasitəsi ilə öz adına göndərmələrini tələb etdiyi və həmin vəsaiti poçt vasitəsilə çıxararaq mənimsədiyi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.