Azərbaycanın 10 siyasi partiyası Ermənistanın Azərbaycan qarşı hərbi təcavüzü və Qarabağın işğal edilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına, Avropa Parlamentinə, ATƏT-ə, AŞ PA-ya, ABŞ prezidenti Barak Obamaya, Rusiya prezidenti Dmitri Medvedevə, Fransa prezidenti Nikola Sarkoziyə və Azərbaycandakı xarici ölkə səfirliklərinə müraciət edib.
APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Ermənistan Rusiya hərbi hissələrinin köməyi ilə həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyatlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal edib, eyni zamanda həmin ərazilərdə etnik təmizləmə həyata keçirib, 1 milyondan artıq azərbaycanlını ev-eşiyindən didərgin salıb.
Bununla bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni silahlı birləşmələrinin dərhal və qeyd-şərtsiz olaraq işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması haqqında 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr indiyədək icra olunmayıb.
Müraciətdə ATƏT-in Minsk qrupunun fəaliyyəti də tənqid olunub: “ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlardan və ermənipərəst mövqedən çıxış edərək Ermənistanı işğalçı dövlət kimi tanımaqdan imtina edir. Təqdim etdikləri “baza prinsipləri” layihəsində Azərbaycanın haqlı tələblərini kifayət qədər müdafiə etmir, Dağlıq Qarabağın statusunun bölgədə referendum keçirilməsi yolu ilə müəyyən olunmasına dair ədalətsiz təkliflər verirlər”.
Müraciətdə probleminin ədalətli həlli məqsədilə təkliflər də əksini tapıb:
– Münaqişənin həlli üçün BMT-nin problemlə bağlı 5 qətnaməsi icra edilsin;
– Ermənistan hərbi birləşmələri Azərbaycan ərazilərindən çıxarılsın, məcburi köçkünlər öz evlərinə qayıtsın;
– Azərbaycanda sülhməramlı qoşunlar adı altında xarici ölkələrin hərbi birləşmələri yerləşdirilməsin;
– Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilsin;
– Ermənistan təcavüzkar hərəkətlərinə görə təzminat ödəsin;
– Beynəlxalq təşkilatlar və BMT Təhlükəsizlik Şurası Ermənistanı təcavüzkar dövlət kimi tanısın.
Müraciət Vahid Azərbaycan Milli Birlik, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Təkamül, Sosial Ədalət, Xalq, Azərbaycan Milli İstiqlal, Vəhdət və Vətəndaş Həmrəyliyi partiyalarının sədrləri tərəfindən imzalanıb.